19/06/2019 13:30

Azərbaycan və Fransa müdafiə sənayesi sektorunda birgə layihələri nəzərdən keçirir

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi (MSN) Fransanın müdafiə sənayesi sektorunda fəaliyyət göstərən şirkətlərlə birgə istehsal layihələrini nəzərdən keçirir.

Bu barədə “AzeriDefence”yə MSN-dən məlumat verilib.

Hazırda bu istiqamətdə MSN ilə Fransanın “Nexter”,  “Thales” və “Airbus” şirkətləri ilə danışıqlar aparılır.

İyul ayının əvvəlində “Nexter” şirkətinin ekspertlərinin Azərbaycana səfəri planlaşdırılır.

Nazirliyin nümayəndəsi, nazir müşaviri Fərrux Vəzirovun “Paris Air Show-2019” sərgisi çərçivəsində “Nexter” şirkətinin rəhbərliyi ilə keçirdiyi görüşdə müxtəlif növ müdafiə təyinatlı məhsulların, o cümlədən MSN-in müəssisələrində mövcud olan istehsal sahələrində təkərli zirehli texnikanın birgə istehsalı, robot texnikası sahəsində dəniz və hava platformaları üzərində müxtəlif növ silahların istehsalı və inteqrasiyası da daxil olmaqla əməkdaşlığın yaradılmasına dair danışıqlar aparılıb. Tərəflər arasında bu layihələrin həyata keçirilməsi üzrə yol xəritəsi müəyyən edilib.

“Thales” şirkətinin rəhbərliyi ilə görüşdə Azərbaycanda və qonşu ölkələrdə bu şirkətin məhsullarına texniki xidmətin göstərilməsi və təmiri üzrə birgə regional servis mərkəzinin yaradılmasına dair məsələlər müzakirə edilib. Eyni zamanda, müxtəlif növ aşkaretmə və radiolokasiya sistemlərinin birgə istehsalının yaradılması istiqamətində danışıqlar aparılıb. Müzakirə edilən birgə layihələrin həyata keçirilməsi üçün növbəti addımların atılmasına dair razılıq əldə olunub.

Qeyd edək ki, “Thales” şirkətinin Bakıda “Thales Azerbaijan” adı altında nümayəndəliyi fəaliyyət göstərir. Şirkət Azərbaycanda mülki və mülki aviasiya sektorunda bir sıra layihələr reallaşdırıb.