13/09/2018 19:07

Azərbaycan və İsrail arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan İsrailin müdafiə naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, görüşdən əvvəl İsrailin nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər. Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. İsrailin müdafiə naziri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

İki ölkə arasında tərəfdaşlığın yüksək səviyyəsindən danışan general-polkovnik Z.Həsənov bunun təkcə dövlətlərimizin inkişafında deyil, həm də bütün regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını qeyd edib. Azərbaycanın müdafiə naziri Ermənistanın regional sabitliyə əsas təhlükə yaratdığını, işğalçı ölkənin dövlət səviyyəsində daim separatizmi dəstəklədiyini və qoşunların təmas xəttində gərginliyin artırılmasında maraqlı olduğunu diqqətə çatdırıb.

Azərbaycan və İsrail xalqları arasında mövcud olan tarixi kökləri və əlaqələri yüksək dəyərləndirən A.Liberman iki ölkə arasında münasibətlərin hazırkı məmnunluğunu bildirərək bu cür görüşlərin keçirilməsinin zəruriliyini xüsusi qeyd edib.

Görüşdə regional təhlükəsizlik, iki ölkə arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, müxtəlif ixtisaslı mütəxəssislər səviyyəsində işçi görüşlərin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.