08/08/2018 16:53

Azərbaycan və Misir arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Avqustun 8-də müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev MSN-nin dəvəti ilə Azərbaycanda səfərdə olan Misir Müdafiə və Hərbi İstehsalat Nazirliyinin Silahlanma Baş İdarəsinin rəisi, general-mayor Tarek Saadzagloul Tolbanın başçılq etdiyi geniş tərkibli nümayəndə heyətini qəbul edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yəhya Musayev Azərbaycan ilə Misir arasında müxtəlif sahələrdəki əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb. Nazir müavini Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə nümayəndə heyətinə ətraflı məlumat verib.

Görüşdə iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığın istiqamətləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Görüşdə Misirin Azərbaycandakı səfiri Adel İbrahim də iştirak edib.

Səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində olub və istehsal prosesini yaxından izləyib.