24/09/2018 23:18

Azərbaycan və Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Müdafiə naziri general-polkovnik Zakir Həsənov ADEX-2018 sərgisində iştirak etmək üçün Azərbaycana səfərə gələn Monteneqro müdafiə naziri Predraq Boşkoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə vurğulanıb ki, Azərbaycan ilə Monteneqro arasında bir çox istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensial mövcuddur.

Monteneqronun müdafiə nazirinin ADEX-2018 3-cü Azərbaycan beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün nümayəndə heyəti ilə Bakıya səfərinin önəmini vurğulayan general-polkovnik Z.Həsənov bunun iki ölkə arasında hərbi sahədə əməkdaşlığın daha da inkişafına yeni təkan verəcəyini deyib.

Monteneqronun müdafiə naziri isə öz növbəsində iki dövlətin əlaqələrinin möhkəm dostluq münasibətlərinə əsaslandığını, ölkəsinin Azərbaycanın vacib tərəfdaşı olduğunu deyərək bu cür görüşlərin ikitərəfli münasibətlərin, eləcə də hərbi sahədə əməkdaşlığın genişləndirilməsi baxımından zəruriliyini xüsusi qeyd edib.

Sonra tərəflər beynəlxalq və regional təhlükəsizlik məsələləri, ikitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparıblar.