17/04/2019 16:29

Azərbaycan və NATO arasındakı əməkdaşlıq müzakirə edilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru general-leytenant Yan Broeksin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə “AzəriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfərin NATO-nun yaranmasının 70 illiyi və Azərbaycan-NATO əməkdaşlığının 25-ci ildönümünə təsadüf etdiyini vurğulayan Müdafiə naziri Alyansla əlaqələrin çoxşaxəli olduğunu və bu tərəfdaşlığın yubileyinin qeyd olunmasına dövlət səviyyəsində xüsusi diqqətin ayrıldığını bildirib.

Müdafiə naziri NATO-nun Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə verdiyi siyasi dəstəyi xatırladaraq bunun ümumilikdə Avroatlantik məkanda təhlükəsizliyin möhkəmlənməsinə, eləcə də regional sülhə və sabitliyə xidmət etdiyini nəzərə çatdırıb.

Y.Broeks də öz növbəsində Azərbaycan-NATO əlaqələrini yüksək qiymətləndirərək Azərbaycan sülhməramlılarının Əfqanıstanda keçirilən əməliyyatlar çərçivəsində beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni, Alyansın bir çox proqramlarında Azərbaycan hərbçilərinin fəal iştirakını, habelə NATO-nun müxtəlif qərargahlarında xidmət edən Azərbaycan zabitlərinin hazırlığını xüsusi vurğulayıb.

Görüşdə Azərbaycan ilə NATO arasında həyata keçirilən əməkdaşlıq proqramları və layihələri çərçivəsində əməliyyat hazırlığı, təlimlərin keçirilməsi, hərbi təhsilin inkişafı, qüvvələr arasında qarşılıqlı uzlaşmanın əldə olunması məsələləri müzakirə edilib və əməkdaşlığın inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.