04/11/2015 12:45

Azərbaycan və Qazaxıstanın müdafiə nazirləri əməkdaşlıq planı imzaladı – FOTOLAR

Qazaxıstanın Müdafiə Nazirliyində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

Bu barədə “AzeriDefence”yə Qazaxıstanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qazaxıstanın müdafiə naziri İmanqali Tasmaqambetovla görüşdə iki ölkə arasında hərbi sahədə əməkdaşlığın perspektivləri, hərbi təhsil, təlimlər sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

“Ümumi türk dünyasının nümayəndələri kimi Qazaxıstan və Azərbaycan tarix və mədəniyyət baxımından bir-birinə çox yaxındır. Bizim ölkələrimizin iki tərəfli və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli münasibətləri strateji xarakterə malikdir və inkişaf edir.Bu mərhələdə diqqəti Qazaxıstanın və Azərbaycanın hərbi donanmaları arasında praktik əlaqələrin qurulmasına ayırmaq əhəmiyyətlidir. Bu istiqamətdə əlaqələr Xəzərdə mehriban və təhlükəsiz şəraitin möhkəmləndirilməsi kontekstində əhəmiyyət daşıyır”, – deyə Qazaxıstanın müdafiə naziri İmanqali Tasmaqambetov bildirib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov qeyd edib ki, Xəzər dənizi akvatoriyasında qarşılıqlı əməkdaşlıq önəm daşıyır: “Biz birgə təlimləri keçirməyə hazırıq. Qazaxıstanla birgə təlimlər təcrübəmiz var. Düşünürəm ki, birgə təlimlər bizə xeyir verəcək, silahlı qüvvələrimizi yaxınlaşdıracaq. Hər iki tərəf üçün təcrübə mübadiləsi faydalıdır”.

Qazaxıstanın müdafiə naziri görüş zamanı Z. Həsənovu 2016-cı ildə Astanada keçiriləcək KADEX-2016 beynəlxalq müdafiə sərgisinə dəvət edib.

Görüşün sonunda Azərbaycan və Qazaxıstan Müdafiə nazirlikləri arasında 2016-cı il üçün hərbi əməkdaşlıq planı imzalanıb.

img_2083_5917

img_2083_5918

img_2083_5919

img_2083_5920

img_2083_5922

img_2083_5923

img_2083_5924