06/02/2018 13:44

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Fevralın 6-da müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığı Müdafiə Nazirliyinin nümayəndə heyəti  ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Z.Həsənov prezident İlham Əliyevin Azərbycanla Səudiyyə Ərəbistanı arasında münasibətlərin və əməkdaşlığın bütün istiqamətlər üzrə, xüsusilə də hərbi, hərbi-texniki sahədə genişləndirilməsi barədə verdiyi tapşırıqları diqqətə çatdırıb.

Səudiyyə Ərəbistanına səfəri zamanı İki Müqəddəs Ocağın xadimi, Kral Əlahəzrət Salman bin Əbdüləziz Al Saud və Krallığın Vəliəhdinin varisi, Müdafiə naziri şahzadə Məhəmməd bin Salmanla görüşlərini xatırladan general-polkovnik Z.Həsənov hər iki ölkə arasında əlaqələrin genişləndirilməsində dövlət rəhbərlərinin dostluq münasibətlərinin mühüm rol oynadığını vurğulayıb və bu əlaqələrin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini qeyd edib. Regiondakı təhlükəsizlik vəziyyətinə toxunan müdafiə naziri Dağlıq Qarabağ məsələsinin həllində Səudiyyə Ərəbistanın daim Azərbaycanın mövqeyini dəstəklədiyinə və Ermənistanla diplomatik əlaqələr yaratmadığına görə minnətdarlığını bildirib.

General-mayor Əli bin İbrahim Fəvvaz Azərbaycan prezidenti İ.Əliyevə və müdafiə nazirinə Krallığın rəhbərliyinin salamlarını çatdırıb. Qonaq bildirib ki, Səudiyyə Ərəbistanı Azərbaycanı özünə dost və qardaş dövlət sayır, eləcə də iki ölkə arasında hərbi sahədə əməkdaşlığa böyük önəm verir. General-mayor Əli bin İbrahim Fəvvaz əlavə edib ki, müsəlman ölkəsi olaraq Səudiyyə Ərəbistanı Ermənistanın təcavüzkar siyasətini qətiyyətlə pisləyir və Azərbaycanın haqq işində ölkəsinin daim onun yanında olduğunu bəyan edib.

Görüşdə hər iki ölkənin orduları arasında əlaqələrin möhkəmləndirilməsi, birgə hərbi təlimlərin keçirilməsi, səfərlərin təşkili və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.