17/10/2017 10:33

Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Oktyabrın 17-də Tbilisi şəhərində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyənin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar arasında görüş keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə sahəsində mövcud əməkdaşlığın daim inkişaf etdiyini vurğulayan tərəflər iki ölkə arasında qarşılıqlı etimada əsaslanan hərbi əlaqələrin bölgədə sülhün və sabitliyin, davamlı inkişafın, eləcə də Azərbaycan və Türkiyə xalqlarının rifahının təmin olunması baxımından mühüm rol oynadığını qeyd ediblər.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın ədalətli mövqeyinin dəstəkləndiyi qeyd olunan görüşdə terrorizmə və separatizmə qarşı mübarizə aparan ölkələr olaraq hərbi əməkdaşlığın inkişaf etdirilməsi və bu məsələlərdə qarşılıqlı dəstəyin vacib olduğu bir daha vurğulanıb.

Cənubi Qafqazda sabitliyin, o cümlədən regional layihələrin təhlükəsizliyinin təmin edilməsində hər iki ölkənin Silahlı Qüvvələrinin rolunun əhəmiyyətli olduğu bildirilib, ikitərəfli hərbi əlaqələrin möhkəmlənməsi və təcrübə mübadiləsinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Görüşdə Azərbaycan və Türkiyə arasında hərbi, hərbi təhsil, hərbi-texniki sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub, iki ölkə arasında keçirilən hərbi təlimlərə Gürcüstanın da cəlb olunmasının əhəmiyyəti vurğulanıb və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.