19/12/2018 13:14

Azərbaycan və Türkiyə müdafiə sənayesi arasında zirvə görüşü keçiriləcək

Yaxın vaxtlarda Ankarada Azərbaycan və Türkiyə müdafiə sənayesi arasında zirvə görüşünün keçirilməsi planlaşdırılır.

“AzeriDefence”nin Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, zirvə görüşü sentyabrda Bakıda keçirilmiş ADEX-2018 üçüncü beynəlxalq müdafiə sərgisi çərçivəsində əldə olunmuş razılığa əsasən reallaşacaq.

Məlumatda o da qeyd olunub ki, dekabrın 18-də Ankarada başlayan Azərbaycan-Türkiyə XI Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işini davam etdirir.

Müdafiə Sənayesi Nazirliyinin hərbi-texniki əməkdaşlıq şöbəsinin müdiri Rəmzi Şükürovun da qatıldığı iclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi sənaye, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti, inkişaf perspektivləri eləcə də 2019-cu ildə qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri müzakirə edilir.

Hərbi dialoq çərçivəsində 2019-cu il üzrə fəaliyyət planının razılaşdırılması da nəzərdə tutulur.

XI Yüksək Səviyyəli Hərbi Dialoq İclası dekabrın 20-dək davam edəcək.