31/07/2018 11:37

Azərbaycan və Vyetnam arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub

İyulun 31-də Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) qərargahında HDQ-nin komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətov ilə Vyetnamın Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Fam Haoi Namın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hərbi əməkdaşlığın inkişaf perspektivlərinin müzakirə olunduğu görüşdə tərəflər hərbi əlaqələrin hər iki ölkənin maraqlarına cavab verdiyini bildirirərək bu istiqamətdə səylərin daha da artırılmasının vacibliyi vurğulayıblar.

Vitse-admiral F.Nam hərbi əməkdaşlığın bundan sonra da davamlı olacağına əminliyini ifadə edərək qeyd edib ki, bu kimi səfərlər qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verəcək.