16/12/2017 11:30

Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin yubiley medalı təsis edilib

Dekabrın 15-də Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993-2018) Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi müzakirə olunub.

“AzeriDefence”nin məlunatına görə, dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd olundu ki, Xüsusi Dövlət Mühafizə Xidməti dövlətçiliyin möhkəmlənməsində xüsusi xidmətləri olan bir qurumdur və belə bir medalın təsis edilməsi təqdirə layiqdir.

Layihədə bildirilib ki, “Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993 – 2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə 2018-ci il avqustun 23-dək Azərbaycanın Xüsusi Dövlət Mühafizə Xidmətində həqiqi hərbi xidmət keçən və döyüş hazırlığında uğur qazanmış zabitlər, gizirlər, çavuşlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, xidmətdə səmərəli fəaliyyət göstərən mülki işçilər, xidmətdən ehtiyata, yaxud istefaya buraxılmış şəxslər, habelə onun fəaliyyəti ilə bağlı layiqli xidmət göstərmiş Azərbaycan Silahlı Qüvvələrinin digər silahlı birləşmələrin hərbi qulluqçuları və başqa şəxslər təltif edilirlər.

Medal bürüncdən tökülüb və qızıl suyuna çəkilib, milli ornamentli səkkizguşəli ulduzdan ibarətdir.