28/04/2018 14:19

Azərbaycan xüsusi təyinatlıları EFES-2018 təlimində – FOTO/VİDEO

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin hərbçiləri Türkiyədə keçirilən EFES-2018 təliminə qatılıblar.

“AzeriDefence”nin Türkiyə bürosunun məlumatına görə, İzmir şəhəri yaxınlığında keçirilən hərbi təlimdə Türkiyə daxil olmaqla 23 ölkədən hərbçilər iştirak edir.

Ötən gün pentatlon üzrə yarışmada Azərbaycan xüsusi təyinatlıları birinci olublar. Ikinci yeri Böyük Britaniya, üçüncü yeri isə Pakistan ordu xüsusi təyinatlıları tutub.

Təlimin döyüş atışlı aktiv fazası 7-11 may tarixlərində keçiriləcək. Buna qədər isə iştirakçı ölkələrin hərbçilərinin qatılımı ilə hazırlıq təlimləri keçirilir.

Ötən günlərdə Azərbaycan xüsusi təyinatlıları helikopterdən kanatla əraziyə eniş edib, həmçinin paraşütlə tullanıb, dəniz desantının çıxarılmasını imitasiya edib, sərəncamlarına verilən hərbi texnikanı mənimsəyiblər.

Təlimin yekun mərhələsini Türkiyənin ali dövlət rəhbərliyi ilə yanaşı xarici ölkələrdən müdafiə nazirləri və baş qərargah rəisləri səviyyəsində yüksək rütbəli qonaqlar da izləyəcəklər. Bundan başqa, ali səviyyəli müşahidəçilər günündə təlim poliqonunda Türkiyə şirkətləri tərəfindən istehsal edilən silah və texnikaların da sərgisinin təşkili gözlənilir.