17/12/2017 12:31

Azərbaycan yaxın vaxtlarda artilleriya və tank topları üçün döyüş sursatlarının istehsalına başlayacaq

Yaxın vaxtlarda Müdafiə Sənayesi Nazirliyinin (MSN) nəzdində 2 zavodun istifadəyə verilməsi planlaşdırılır.

“AzeriDefence”nin məlumatına görə, bu barədə müdafiə sənayesi işçilərinin peşə bayramı günü münasibəti ilə keçirilən tədbirdə çıxış edən müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Nazir qeyd edib ki, bu zavodlarda artilleriya və tank topları üçün müxtəlif çaplı mərmilərin isti ştamplanması və mexaniki emalı, həmin mərmilərin atəş yığımlarının gilizlərinin istehsalı həyata keçiriləcək. Eyni zamanda, döyüş sursatlarının hazırlanmasında əsas komponent kimi istifadə olunan partlayıcı maddələr – piroksilin, ballistit barıtların, trotil və heksogen istehsalı üzrə zavodların, eləcə də müxtəlif çaplı artilleriya mərmiləri üçün 4 növ başlıq partladıcılarının və müxtəlif çaplı minaatan atəş yığımları üçün müasir növ tullayıcı barıt atımlarının istehsalı sahələrinin yaradılması işləri də davam etdirilir.