30/09/2015 21:47

Azərbaycan “Buk-MB” ZRK -lərin sayını artırır – FOTO-VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun bilavasitə rəhbərliyi ilə Hərbi Hava Qüvvələri hava hücumundan müdafiə qoşunlarının silahlanmasına daxil olunan növbəti “Buk-MB” zenit-raket divizionunun komplekslərindən döyüş-sınaq atışları icra edilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib . Atışlarda Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov da iştirak edib.

Mütəxəssislər tərəfindən zenit-raket kompleksinin döyüş düzülüşü, tərkibi, təyinatı, taktiki-texniki xüsusiyyətləri, məhv etmə zonası, digər parametrləri, eləcə də döyüş atışlarının keçirilməsinə ayrılmış güc və vasitələr, şəxsi heyət barədə məlumat verilib.

Sonra praktiki atışlar yerinə yetirilib. Şərti düşmənin intensiv radioelektron və atəş təsiri şəraitində balistik raketləri, alçaqdan uçan və aerodinamik hədəfləri imitasiya edən “Saman” tipli hədəflərin aşkarlanması, avtomatik izlənməyə götürülməsi, qərar qəbul edilməsi, onlara qarşı atəş açılması və idarə olunan zenit raketləri ilə hədəfin məhv edilməsi tapşırıqları həyata keçirilib.

Müdafiə naziri tərəfindən verilən tapşırıqlar hava hücumundan müdafiə qoşunları tərəfindən uğurla icra olunub və döyüş atışlarının nəticələri yüksək qiymətləndirilib.

Qeyd edək ki, ilk “Buk-MB” ZRK divizionu Azərbaycan HHQ Hava Hücumundan Müdafiə Qoşunlarının silahlanmasına 2013-cü ildə daxil edilib.

buk1

buk2

buk3

buk4

buk5