28/12/2017 12:14

Azərbaycanda hərbi təyinatlı robot hörümçək yaradılıb

Minaaxtaran robot hörümçək distans idarə olunur

Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə bakalavr təhsili alan III kurs tələbəsi Cahandar Zeynallı artıq neçə aydır ki çox maraqlı ideya üzərində çalışır.

Bakı Ali Neft Məktəbin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkında (YTP) çalışan gənc mühəndis təhlükəsizlik məqsədləri üçün istifadə ediləcək, hərbi təyinatlı robot hörümçək hazırlayıb.

Robot hörümçək ərazinin səthinin müxtəlifliyindən asılı olmayaraq istənilən yerdə hərbçilərə təhlükəsiz şəraitdə mina axtarmaqda yardımçı olacaq. Hörümçəyin fəaliyyəti uzaqdan idarəetmə pultu ilə tənzimlənir.

C.Zeynallı vergilər naziri Mikayıl Cabbarov və AMEA-nın prezidenti Akif Əlizadənin YTP-a səfəri zamanı hazırladığı elektron cihazı onlara təqdim edib. Tələbə cihazın işləmə prinsipləriylə bağlı nazirin suallarını cavablandırıb.

Hazırda hörümçək robotun III prototipi üzərində çalışan C.Zeynallı, bundan başqa öz komandası ilə pilotsuz uçan təyyarələrin elektronikası üzərində işləyir. İrəlidə gənc mühəndisin təhlükəsizlik məqsədilə istifadə oluna biləcək cihazın – “elektroşoker” cihazının işləmlərinə başlamaq fikri var.