04/05/2017 13:21

Azərbaycanda istehsal edilmiş zirehli maşın beynəlxalq sərgidə nümayişə çıxarılır – EKSKLÜZİV

Müdafiə Sənayesi Nazirliyinin (MSN) Milli Aerokosmik Agentliyi tərəfindən yaradılmış “Tufan” minaya qarşı qorumalı nəqliyyat vasitəsi (MRAP) IDEF-2017 sərgisində nümayişə çıxarılacaq.

“AzeriDefence”nin məlumatına görə, artıq maşın sərgidə nümayiş üçün Türkiyəyə yola salınıb.

Maşın MSN-in stendində sərgilənəcək.

“Tufan” MRAP maket halında 2016-cı ilin sentyabr ayında Bakıda keçirilmiş ADEX-2016 sərgisində təqdim olunub. Cari ilin fevral ayında isə maşının silahlı qüvvələrin nümayəndələri üçün təqdimatı keçirilib.

Qeyd edək ki, “Tufan”ın ümumi çəkisi 12300 kq, faydalı yükü 3000 kq, heyəti 2 nəfərdir. Maşın tam təchizatlı 8 desant daşıyır.

4×4 təkər formuluna malik “Tufan” xarici dizaynına görə, MSN tərəfindən istehsal edilən, eləcə də Azərbaycan Ordusunun silahlanmasındakı digər MRAP tipli maşınlardan fərqlənir. Sınaqlardan sonra eyni şassi üzərində tibbi yardım, radioelektron mübarizə, polis, kəşfiyyat versiyalarının yaradılması planlaşdırılır.

Uzunluğu 7360 mm, eni 2440 mm, hündürlüyü 2 820 mm olan “Tufan”ın sürəti 85 km/saat, yanacaq çəninin tutumu 300 litr, gediş ehtiyatı 900 km-dir. Maşın 230 at gücündə 8 silindrli, dördtaktlı, maye ilə soyudulan KAMAZ EVRO 2 turboaqreqatlı dizel mühərriki və mexaniki transmissiyaya ilə təchiz olunub.

“Tufan” MRAP məsafədən idarə olunan döyüş modulu ilə silahlandırılıb.