26/02/2016 13:07

Azərbaycanda minatəmizləməyə dair beynəlxalq seminar keçiriləcək

Aprel ayının 4-dən 8-dək Azərbaycanda Mina Aksiyası üzrə Sahə Seminarı keçiriləcək.

Bu barədə “AzeriDefence”yə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agetlikdən (ANAMA) məlumat verilib.

Seminar Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi (GİCHD) Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə Əməkdaşlıq Proqramı (EECCA-OP) çərçivəsində, ANAMA ilə birgə təşkil ediləcək.

Seminarda Belarus, Estoniya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Monqolustan, Rusiya, Tacikistan, Ukrayna və Özbəkistandan olan Mina Aksiyası, Sursatların Təmizlənməsi proqramları və eyni zamanda Beynəlxalq Qızıl Xaç Komitəsi, BMT İnkişaf Proqramı, ATƏT və BMT Mina Aksiyası Xidmətləri nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Dörd gün davam edəcək seminar 2 gün Bakı şəhərində və 2 gün sahə səfəri daxil olmaqla minatəmizləmə sahəsində qanunvericilik və standartlar ətrafında müzakirələri əhatə edəcək. Seminarın məqsədi, iştirakçılara region ölkələrində bu sahədə qəbul olunmuş qanunvericilik və normalarla tanış olmaq və ANAMA ilə mina aksiyasının əməliyyat, idarəetmə, mina təhlükəsinə dair maarifləndirmə və zərərçəkənlərə yardım sahələrində fikir və təcrübə mübadiləsi aparmaq imkanı yaratmaqdır.