16/10/2018 15:57

Azərbaycanda ordu üçün paketləşdirilmiş yeməklər istehsal olunacaq

Azərbaycanda fəaliyyət göstərən özəl şirkətlərdən biri Türkiyə şirkəti ilə birlikdə ordu üçün xüsusi resept əsasında qidaların istehsalını planlaşdırır.

“AzeriDefence”nin məlumatına görə, bununla bağlı ADEX-2018 sərgisində tərəflər arasında razılaşma əldə olunub.

Şirkətlər birlikdə ordu və xüsusi təyinatlılar üçün paket halında yeməklərin istehsalını həyata keçirəcəklər. Eyni zamanda şirkət ordunun sifarişinə əsasən konservləşdirilmiş yüksək kalorili və keyfiyyətli qidaların istehsalına başlayıb.

“Paket halında, xüsusi resept əsasında hazırlanmış qidalar yüksək kaloriliyə malikdir. Xüsusilə dağlıq ərazilərdə xidmət edən əsgərlər və xüsusi təyinatlılar üçün nəzərdə tutulan paketləşdirilmiş qidaların hazırlanması bir neçə dəqiqə ərzində baş tutur. Yeməyin hazırlanması və qızdırılması üçün od yandırmağa ehtiyac yoxdur. Kiçik həcmi, bu qidalardan yük çantasında daha çox daşımağa imkan verir və hazırda orduya təklif olunan konserv bankalarından fərqli olaraq heç bir narahatlıq yaratmır”, – deyə şirkətdən bildirilib.

Bu hazır qidaların fərqli növlərinin satışa da təqdim olunması planlaşdırılır.

Qeyd edək ki, hazırda ordunun quru ərzaq payı “Azersun Holdinq” tərəfindən istehsal edilir. Son illərdə Müdafiə Nazirliyi bir sıra ərzaq məhsullarını digər şirkətlərdən almaqla ordunun ərzağını fərqli mənbələrdən təmin etməyə başlayıb.