28/12/2018 13:08

Azərbaycanda özəl şirkətə zirehli gödəkcə istehsalı üçün lisenziya verilib – ÖZƏL

Azərbaycanda müdafiə sənayesi sektorunda fəaliyyət göstərən “Buta Armor” şirkətinə zirehli gödəkcə, dəbilqə və onların aksesuarlarlarını istehsal etmək üçün xüsusi icazə verilib.

“AzeriDefence”nin məlumatına görə, bununla da “Buta Armor” şirkəti Nazirlər Kabinetinin 22.11.2018-ci il tarixli 22/1-245 nömrəli icazəsi əsasında Azərbaycanda müdafiə təyinatlı məhsulların istehsalını həyata keçirə biləcək. Artıq güc strukturlarından ilkin sifarişlər alınıb və 2019-cu ilin əvvəlində sifarişlərin çatdırılmasına başlanacaq.

AMEA-nın Yüksək Texnologiyalar Parkının rezidenti olan 100% özəl sərmayəli “Buta Armor” şirkəti zirehli gödəkcələri dünyada tanınmış Bolqarıstanın “Mars Armor” şirkətinin texnologiyası əsasında istehsal edəcək. Növbəti mərhələdə zireh lövhələrinin hazırlanmasında xammal olaraq Azərbaycanda istehsal ediləcək polimer materiallardan istifadə nəzərdə tutulur.

“Buta Armor” ordu, xüsusi təyinatlı qüvvələr, dəniz və sahil mühafizə, polis və təhlükəsizlik qüvvələri, inkassator, minatəmizləmə qurumları, habelə VİP qoruma üçün zirehli geyimlər, müxtəlif model dəbilqələr, ordu qüvvələri və polis üçün qalxanlar istehsal edəcək. “Buta” zirehli gödəkcələri 9×18 – 7.62×54 mm kalibrədək patronlardan açılan atəşdən, həmçinin 450-850 m/saniyə sürətə malik qəlpələrə qarşı qorumanı təmin edir. Ordu və digər güc strukturları üçün keçirilən sınaqlar zamanı gödəkcələr 7.62×54 mm-dək patronlardan atışları saxlayaraq yüksək davamlılığını nümayiş etdirib.

Şirkətin rəhbəri Ramin Əhmədov bildirib ki, “Buta Armor” mümkün qorumanı ən yüksək erqonomika və rahatlıqla birləşdirərək istifadəçilərə təqdim edir: “Zirehli gödəkcələrin ən ağırı 7-8 kq təşkil edəcək ki, bu da sinfində ən aşağı çəkilərdən hesab olunur. Hərbi və hüquq mühafizə qüvvələri üçün nəzərdə tutulan gödəkcələr modulyar dizayna malikdir. Gödəkcələr istənilən tapşırığa uyğun şəkildə zəruri aksesuarlarla təchiz edilə bilər”.

Qeyd edək ki, AMEA Yüksək Texnologiyalar Parkı rezident şirkətlərə geniş güzəşt və imtiyazlar təqdim edir. Vergi və gömrük güzəştləri ilə yanaşı Texnoparkın rezidentləri öz məhsullarını tenderdə iştirak etmədən dövlət qurumlarına satışın həyata keçirə bilərlər.