08/12/2018 23:34

Azərbaycanda səfərbərlik və çağırış prosesi: yeniliklər davam edir

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 7 ilə yaxın zaman keçir. Bu qısa bir zaman kəsiyinə baxmayaraq, müharibə şəraitində yaşayan respublikamızda səfərbərlik və hərbi xidmətə çağırış prosesinin təkmilləşdirilməsi, sözügedən sahədə əvvəlki illərdən yığılıb qalan neqativ halların aradan qaldırılması sahəsində mühüm addımlar atılıb. Bu sahədə islahatların davamlılığı təmin olunub.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaradılarkən səfərbərlik və orduya çağırış işinin təkmilləşdirilməsi, resursların uçota alınması və ölkənin müdafiəsinə ehtiyac yaranan zaman, həmin resurslardan operativ və planlı şəkildə istifadə edilməsini təmin etmək qarşıya məqsəd qoyulmuşdu. Xidmət fəaliyyətə başladığı ilk günlərdən etibarən həyata keçirilən tədbirlə bir neçə il keçməmiş pz nəticəsini göstərməyə başladı.

Şəffaflıq təmin olunub

Səfərbərlik və hərbi xidmətə çağırışla bağlı atılan mühüm addımlardan birincisi bu sahədə şəffaflığın yaradılmasıdır. SHXÇDX-nin vətəndaşlara göstərdiyi xidmətlərin bir qisminin elektronlaşdırılması vətəndaş-məmur münasibətlərini minimallaşdırdı. Hazırda SHXÇDX tərəfindən vətəndaşlara elektron qaydada 5 xidmət göstərilir. Artıq vətəndaşlar Xidmətin hansısa zabiti ilə birbaşa təmas yaratmadan, bürokratik əngəllərlə üzləşmədən, informasiya texnologiyalarından istifadə etməklə zəruri sənədləri əldə edə, yaxud irad və təkliflərini, şikayətlərini yuxarı rəhbərliyə çatdıra bilirlər. Xidmət rəhbərliyi tərəfindən Bakıda və regionlarda keçirilən qəbullar da burada az rol oynamır. Xidmətin ilk illərindən həyata keçirilən korrupsiya ilə mübarizə tədbirləri də öz bəhrəsini verib.

SHXÇDX-nin elektron xidmətlərindən hər il respublikada minlərlə vətəndaş istifadə edir. Təxminən on il öncə ekspertlərin təklif etdiyi SMS məlumatlandırma xidmətinin reallaşdırılması sayəsində vətəndaşlar övladlarının hansı qoşun qismində, hansı hərbi hissədə xidmət edəcəyini öyrənə bilir. Eyni zamanda bu informasiyalara Xidmətin rəsmi veb-saytı üzərindən də çıxış imkanı verilib.

Çağırsa ellər gedərəm davaya…

Hərbi vəzifəlilərin toplanışlarının təşkilinin qanunvericilikdə öz əksini tapmasına baxmayaraq, 2014-cü ilə qədər Azərbaycanda bu sahədə demək olar ki heç bir addım atılmamışdı. SHXÇDX-nin yaradılmasından sonra toplanışların bərpası yenidən gündəmə gəldi və 2014-cü ilin sonlarında Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri ilə birlikdə hərbi vəzifəlilərin toplanışlara cəlb edilməsi bərpa olundu. Sonuncu dəfə keçmiş SSRİ dönəmində keçirilən hərbi toplanışların hər an müharibənin başlanma ehtimalı olan ölkədə yenidən bərpası təbii ki, ilk vaxtlar ajiotajla müşahidə olunurdu. Lakin proseslərin gedişatında SHXÇDX-nin nümayəndələrinin ictimaiyyətlə apardığı iş, məlumatlandırma və digər tədbirlər öz effektini göstərdi. Xidmət rəsmilərinin sözlərinə görə, məhz bu işlərin nəticəsi olaraq 2016-cı ilin aprel ayında baş verən 5 günlük müharibə dövründə minlərlə hərbi vəzifəli vətəndaş könüllü olaraq SHXÇDX-nin rayon şöbələrinə müraciət edərək döyüş əməliyyatlarında iştirak etməyə hazır olduqlarını ifadə etdilər.

Rəsmi açıqlamalar və statistika hərbi xidmətdən yayınma hallarının minimuma endiyini, fiziki qüsurlu, səhhətində problemlər olan cətəndaşların hərbi xidmətə göndərilməsi hallarının qarşısının alındığını deməyə əsas verir.

Ekspertlərin sözlərinə görə, hərbi toplanışlar səfərbərlik resurslarından operativ istifadənin təmin edilməsində önəmli rola malikdir. Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Azər Hüseynovun sözlərinə görə, toplanışlar zamanı hərbi vəzifəlilər silah və texnika barədə öz biliklərini yeniləyir, vərdişlərini təkmilləşdirirlər. Dövlət silahlı təcavüzə məruz qaldıqda, hərbi əməliyyatlar elan olunduqda həmin hərbi vəzifəliləri qısa zamanda silahlı qüvvələrin sıralarına çağrılması təmin olunur: “Təbii ki, ilk vaxtlar uzun illərdir keçirilməyən toplanışlar vətəndaşlar arasında bir az ajiotaja səbəb oldu. Lakin bunun özü də bir növ təlimdir. Hərbi vəzifəlilərin qeydiyyatda olduqları yaşayış yerlərində olmamaları və s. bu kimi faktorlar da işləri çətinləşdirir. Bildiyim qədər keçən 5 illik bir dövrdə artıq bu problemlər də öz həllini tapıb, qeydiyyat bazası bərpa olunub”.

Ekspert hesab edir ki, Azərbaycan müharibə şəraitində olan ölkədir və toplanışların mütəmadi keçirilməsinə ehtiyac var: “Bu zaman səfərbərliyə məsul qurumu işçilərinin peşəkarlığı artır və bu prosesin mükəmməl qaydada icra etməsi üçün öz təcrübələrini, fəaliyyətlərini təkmilləşdirilər. Eyni zamanda uzun müddət əvvəl xidmətdən təxris olunmuş vətəndaşlar da, həmin hərbi texnika, silah, müdafiə təyinatlı məshul haqqında öz bilik və bacarıqlarını yeniləyirlər. Bu da istənilən anda səfərbərlik resurslarını qısa bir zaman ərzində yığmağa və Silahlı Qüvvələrin ehtiyatını formalaşdırmağa imkan verir”.

Ekspertin sözlərinə görə, SHXÇDX-nin mühüm uğurlarından biri də hərbi uçot və hərbi qeydiyyatın aparılmasının təkmilləşdirilməsi sayılmalıdır. Qurumun təşəbbüsü ilə qanunvericilik aktlarına dəyişikliklər edilib.

Uçotla bağlı digər bir yenilik isə fövqəladə hallarda və yaxud hərbi əməliyyatlar zamanı istifadə oluna biləcək nəqliyyat vasitələrinin hərbi uçotunun aparılması oldu. Bu da Azərbaycanda indiyə qədər mövcud olmayan bir addım idi. Ötən illərdə keçirilən hərbi təlimlərdə uçota alınan vətəndaşlara məxsus nəqliyyat vasitələrinin də cəlb edilməsi bu prosesdə atılan addımlardan idi.

“Universal əsgər”lərin hazırlığı

SHXÇDX-nin əsas fəaliyyət istiqamətlərindən biri də çağırışçılar, gənclər arasında hərbi vətənpərvərlik tərbiyəsinin təşkilidir. Çağırışçıların hərbi xidmətə yola salınması, onların hərbi hissələrə çatdırılması, qarşılanması, ordu üçün müəyyən ixtisaslar üzrə kadrların hazırlanması sahəsində əhəmiyyətli dəyişikliklər baş verib. Xidmətin nəzdində fəaliyyət göstərən “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC tərəfindən ordu üçün sürücülərin, rabitəçilərin, snayperlərin hazırlanmasını həyata keçirir.

Ekspertlər hesab edirlər ki, SHXÇDX tərəfindən görülən işlərin effektivliyinin artırılması üçün orta məktəblərdə çağırışaqədərki hazırlıq fənninin tədrisinin keyfiyyətinin yüksəldilməsi vacibdir.

“Bu çox vacib bir məsələ olsa da təəssüf ki, burda müəyyən problemlər qalır. “Gənclərin çağırışaqədərki hazırlığı” fənni tədrisi, eləcə də tədris olunan dərsliyin mövzunu yetərincə əhatə etməməsi bir problem kimi vurğulana bilər. Hesab edirəm ki, SHXÇDX-nın bilavasitə iştirakı və nəzarəti altında bu dərsliklərin təkmilləşdirilməsinə, daha müasir metadologiyalardan istifadə edilməklə bu fənnin tədris olunmasına, həmçinin kabinetlərin yaradılmasına, simulyasiya texnologiyalarından istifadəyə ehtiyac var. Hesab edirəm ki, SHXÇDX qısa müddətdə bu sahədə olan problemləri ehtiyatda olan hərbçilərin də iştirakı ilə aradan qaldıra bilər”, – deyə hərbi ekspert bildirib.

Orxan Aslanlı

“Azeri Defence”

Yazı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 7-ci ildönümü münasibətilə elan edilmiş yazı müsabiqəsinə təqdim olunur.