13/03/2019 15:36

Azərbaycandan Pakistana hərbi jest – hərbçilərimiz İslamabadda hərbi paradda keçid edəcəklər – ÖZƏL

Martın 23-də İslamabadda keçiriləcək hərbi paradda Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu iştirakçı qismində çıxış edəcək.

“AzeriDefence”nin Pakistan Silahlı Qüvvələrindən əldə etdiyi məlumata görə, parada Azərbaycan Ordusunun bir nümunəvi bölməsi və paraşütçüləri qatılacaqlar. Azərbaycan hərbçiləri ayrıca qutu şəklində tribuna önündən keçid edəcək. Paraşütçülər isə meydanın üzərində Azərbaycan və Pakistanın bayraqlarını açacaqlar.

Qeyd edək ki, bu, Azərbaycan Ordusunun şəxsi heyətinin Rusiyanın Moskva və Fransanın Paris şəhərlərində İkinci Dünya Müharibəsinin başa çatmasına həsr olunmuş hərbi paradlarında iştirakından sonra ölkə xaricində qatıldıqları üçüncü hərbi paraddır.

Paradda yüksək səviyyəli qonaq qismində Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, eləcə də Azərbaycanın ayrı-ayrı qurumlarından nümayəndələr qatılacaqlar.