11/06/2018 11:52

Azərbaycanın Belarusdan aldığı “Polonez” YARS nümayiş olunub

Azərbaycan Raket Artilleriya Qoşunlarının Belarusdan aldığı “Polonez” uzaq mənzilli yaylım atəşli reaktiv sistemininin nümayişi olub.

“AzeriDefence”nin məlumatına görə, yeni raket-artilleriya qurğuları Prezident İlham Əliyevin Raket Qoşunlarının yeni hərbi hissəsinin açılışı zamanı göstərilib.

Dövlət başçısına “Polonez”in taktiki-texniki xüsussiyyətləri barədə məlumat verilib.

Qeyd edək ki, Azərbaycan və Belarus arasında “Polonez” yaylım atəşli reaktiv sistemlərinin alğı-satqısına dair görüşmələr 2016-cı ildə başlanıb. Belarus rəsmilərinin sözlərinə görə, Azərbaycana bu sistemlərin ilk partiyası 2018-ci ilin əvvələrində çatdırılmalı idi. Bu gün göründüyü qədər “Polonez” YARS-in həm buraxıcı sistemi, həm komanda məntəqəsi, həm də nəqliyyat yükləyicisi Azərbaycana gətirilibdir.

Azərbaycan Belarusdan sonra “Polonez”in ikinci istifadəçisi, eyni zamanda ilk xarici istifadəçisidir. “Polonez” YARS hazırda Rusiyanın “İsgəndər” kompleksinin əsas rəqibi və alternativi hesab olunur.

“Polonez”in maksimal atış uzaqlığı 300 kilometrə qədərdir. Raketin çəkisi 780 kiloqram, döyüş başlığı hissəsinin çəkisi 140 kiloqram, zərərvurma radiusu isə 80 metrdir. “Polonez”in maksimal uçuş müddəti saniyədə 310 metr, atışa hazırlıq vaxtı 10 dəqiqə, istismar müddəti isə 10 ildir. Bir döyüş maşınında 8 raket olur. Bu kompleks düşmənin əməliyyat düzülüşünün bütün dərinliyində onun nüvə və kimyəvi hücum vasitələrinə, kəşfiyyat-zərbə sistemlərinin yerüstü elementlərinə, qoşunların əsas qruplaşmalarına, bazalarda yerləşən aviasiyasına, hava hücumundan müdafiə vasitələrinə və obyektlərinə, idarəetmə məntəqələrinə, radioelektron vasitələrinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurulması üçündür. Bundan başqa, kompleks vasitəsilə dənizsahili istiqamətlərdə düşmən donanmasının yerləşmə məntəqələri dağıdılır və onun döyüş gəmiləri məhv edilir.