11/09/2017 11:34

Azərbaycanın dövlət sərhədini pozan 47 nəfər saxlanılıb

Dövlət Sərhəd Xidməti tərəfindən 2017-ci ilin avqust ayı ərzində Azərbaycanın dövlət sərhədini pozduqlarına görə 47 nəfər saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, saxlanılanların 26 nəfəri Azərbaycan, 8 nəfəri Özbəkistan, 5 nəfəri Rusiya, 3 nəfəri İran İslam Respublikası, 2 nəfəri Tacikistan, 2 nəfəri Bolqarıstan, 1 nəfəri  Gürcüstan vətəndaşları olub.

Sərhəd rejim qaydalarını pozarkən 1343 halda 1702 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 496 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 2 kq 139,7 qram narkotik maddə aşkar edilərək götürülüb. Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təqribən 231 min 509 manat olan qaçaqmal, o cümlədən 1 ədəd pnevmatik tapança, 1 ədəd naqan tapançası, 2 ədəd siqnal tapança, 3 ədəd mina TM, 29 170 ABŞ dolları, 20 750 Rusiya rublu, 35 000 ədəd zəli, 3 ədəd qayıq, 890 qutu pirotexniki vasitə, 22 270 qutu siqaret, 14 ədəd mobil telefon, 380 ədəd müxtəlif növ dərman preparatları, spirtli içkilər, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.