29/03/2017 15:33

Azərbaycanın ƏİK taborunun NATO tərəfindən qiymətləndirilməsi keçiriləcək

Bu il ərzində Azərbaycan Silahlı Qüvvələrinin Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) taborunun 1-ci və ikinci səviyyəli NATO və özünüqiymətləndirmə təlimləri keçiriləcək.

Bu barədə “AzeriDefence” Müdafiə Nazirliyinin saytına istinadən məlumat verib.

Nazirliyin Beynəlxalq Hərbi Əməkdaşlıqla bağlı açıqladığı məlumata görə, 8-19 may tarixlərində ƏİK  Kəşfiyyat Bölüyünün 1-ci səviyyəli NATO Qiymətləndirməsi, 29 may – 2 iyun tarixlərində  ƏİK Taborunun 2-ci səviyyəli NATO Qiymətləndirməsi, 2017-ci ilin oktyabr ayı ərzində ƏİK Dənizdə Qadağa Əməliyyatları üzrə Göyərtə qrupunun 1-ci səviyyəli Özünü qiymətləndirmə təlimi,  23-27 oktyabr tarixlərində isə Mİ-17 helikopter cütlüyünün 1-ci səviyyəli Özünü qiymətləndirmə təliminin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, 2004-cü ilin aprel ayında Azərbaycan NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramına qoşularaq Ortaq Qüvvələr Birliyinə bir yüngül motoatıcı ƏİK bölüyü və 2010-cu ilin avqust ayından Azərbaycan Silahlı Qüvvələrinin ƏİK Taboru və 2015-ci ildə ƏİK Kəşfiyyat bölüyü, 2 ədəd Mi-17 Helikopter cütlüyü və Dənizdə Qadağa Əməliyyatları üzrə Göyərtə Qrupu bəyan edilib.