14/11/2017 17:29

Azərbaycanın hərbi orden və medalları – SİYAHI

Azərbaycan və Ermənistan cəbhəsində baş verən aprel döyüşləri və ümumiyyətlə Qarabağ savaşında Azərbaycan sərhədlərinin qorunmasında xidmətlərinə görə zabit, gizir və əsgər heyəti müxtəlif orden və medallarla təltif olunublar. Azərbaycan müstəqillik qazandəqdan sonra, ölkədə milli orden və medallar təsis edildi. Azərbaycanda ən ali orden “Heydər Əliyev” ordeni hesab olunur. İndiyədək məhdud sayda şəxs bu ordenə layiq görülüb. Azərbaycanda “İstiqlal”, Şöhrət”, “Şərəf”, “Azərbaycan Bayrağı”, və “Dostluq” ordenləri, “Tərəqqi”, “Vətən uğrunda”, “İgidliyə görə” və digər medallar təsis olunub. Onu da xatırladaq ki, Azərbaycanda dövlət tərəfindən orden və medalların təsvirləri ilk dəfə 1992-ci ildə təsdiq olunub.

Bu gün Milli Məclisdə Silahlı Qüvvələrin hərbi qulluqçularının təltif olunması üçün nəzərdə tutulan daha bir ordenin- “Rəşadət” ordeninin təsis edilməsi məsələsi müzakirəyə çıxarılıb.

Ordenin təsdiq olunması üçün layihə Milli Məclisə prezident İlham Əliyev tərəfindən təqdim olunub. Layihəyə görə “Rəşadət” ordeni Silahlı Qüvvələrin hərbi qulluqçularına, əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnən döyüş əməliyyatları zamanı hərbi hissə və birləşmələrə yüksək peşəkarlıqla rəhbərlik etmiş, fövqəladə hallarda xidmətinə və sərhədlərin mühafizəsinin təmin edilməsində xidmətlərinə görə fərqlənən şəxslərə veriləcək “Rəşadət” ordeninin 3 dərəcəsi olacaq və 1-ci dərəcəli “Rəşadət” ordeni ən yüksək dərəcə sayılacaqdır.

“AzəriDefence” Azərbaycan Respublikasının hərbi orden və medallarını təqdim edir.

Azərbaycan Respublikasının ali hərbi ordeni olan “Şah İsmayıl” ordeni ilə Silahlı Qüvvələrin ali zabitləri, hərbi hissələrin və birləşmələrin komandirləri təltif edilirlər. Orden 6 dekabr 1993-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən təsis edilib.

“Şah İsmayıl” ordeni

Lakin, bu günə qədər adıçəkilən ordenlə heç kim təltif olunmayıb. “Şah İsmayıl” ordeni Silahlı Qüvvələrin təşkilində və möhkəmləndirilməsində, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə, görkəmli sərkərdəlik fəaliyyətinə, respublikada fövqəladə halların nəticələrinin aradan qaldırılmasında xüsusi xidmətlərinə görə fərqlənən şəxslərə verilir. “Şah İsmayıl” ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda “İstiqlal” ordenindən sonra taxılır.

“Azərbaycan Bayrağı” ordeni

İndiyə qədər 291 nəfərin təltif olunduğu “Azərbaycan Bayrağı” ordeni də 6 dekabr 1993-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən təsdiq olunub. 2013-cü ildə ordenin təsvirində dəyişiklik edilib. “Azərbaycan Bayrağı” ordeni hərb elminin və hərbi texnikanın inkişafında, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin – amanlığın təmin edilməsində, asayişin qorunmasında və hərbi xidmətdə xüsusi xidmətlərinə görə, dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə fərqlənən şəxslərə verilir.

“Hərbi xidmətlərə görə” medalı

Onu da qeyd edək bu orden prezident Heydər Əliyevin 14 dekabr 1993-cü il tarixli 59 nömrəli fərmanı ilə Azərbaycan Ordusunun 6 hərbi qulluqçusu ilk dəfə bu ordenlə təltif olunub. Bunlar Rövşən Telman oğlu Əkbərov, Mirzəmmədov Nizami İsgəndər oğlu, Qurbanov Əjdər Məmməd oğlu, Əhədov Elşad Sabir oğlu (ölümündən sonra), Ağayev Elşad Aşur oğlu (ölümündən sonra) və Şirinov Elçin Ramazan oğludur.

1993-cü ilin dekabr ayında təsis edilmiş “Hərbi xidmətlərə görə” medalı öz xidmət vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənən, habelə dövlət sərhədlərinin qorunmasında xidmətləri olan şəxslərə verilir. “Hərbi xidmətlərə görə” medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda “Tərəqqi” medalından sonra taxılır.

7 noyabr 2003-cü ildə president İlham Əliyev tərəfindən təsdiq edilmiş “Vətənə xidmətə görə” ordeninin 3 dərəcəsi var. İndiyə qədər bu medalla 62 nəfər təltif olunub. “Vətənə xidmətə görə” ordeni Azərbaycan Respublikasına sadiqliyə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirməyə, dövlət qulluğunda səmərəli fəaliyyətə, yüksək peşəkarlığa və xüsusi nailiyyətlərə görə, milli dövlət quruculuğu işlərində xüsusi xidmətlərə görə verilir. “Vətənə xidmətə görə” ordeninin ən yüksək dərəcəsi birinci dərəcə sayılır və ordenin hər üç dərəcəsi ardıcıllıqla verilir.

1998-ci ildə təsdiq edilmiş “Vətən uğrunda” medalı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsində iştirak etmiş, dövlətin milli təhlükəsizliyinin təmin edilməsində fəaliyyətinə, dövlət quruluşunun müdafiəsində iştirakına görə fərqlənənlər təltif olunurlar. “Vətən uğrunda” medalı digər orden və medallar olduğu halda döşün sol tərəfinə ordenlərdən sonra taxılır. 

Bu günə qədər 196 nəfərin təltif olunduğu “İgidliyə görə” medalı 8 dekabr 2000 – ci ildə Heydər Əliyev tərəfindən təsdiq olunub. Medalla döyüş zamanı igidlik göstərmiş, döyüş əməliyyatlarına uğurlu rəhbərlik etmiş və şəxsi mərdlik göstərmiş, həyatı təhlükə altında hərbi borcu yerinə yetirərkən igidlik göstərmiş, xüsusi tapşırığı yerinə yetirərkən cəsarət göstərmiş, həyatı təhlükə qorxusu altında olduğu halda insan həyatı xilas etmiş şəxslər təltif olunur. “İgidliyə görə” Azərbaycan Respublikasının medalı digər orden və medalları olduğu halda döşün sol tərəfinə “Vətən uğrunda” medalından sonra taxılır.

“İgidliyə görə” medalı

Üç dərəcəsi olan, 2002-ci ilin may ayında təsis edilmiş  “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə döyüş hazırlığındakı əla göstəriciləri olan, təlimlərdə, döyüş xidməti və döyüş növbəsində xüsusi fərqlənən, şücaət, fədakarlıq və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə fərqlənən hərbi qulluqçular təltif olunur. “Hərbi xidmətdə fərqlənməyə görə” medalı döşün sol tərəfinə, Azərbaycan  Respublikasının digər orden və medalları olduqda “Hərbi xidmətlərə görə” medalından sonra taxılır.

17 may 2002-ci ildə təsdiq olunan “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı Azərbaycan Respublikası ilə hərbi əməkdaşlığın möhkəmləndirilməsində göstərdikləri xidmətlərə görə Azərbaycanın və xarici ölkələrin hərbi qulluqçuları və digər şəxslər təltif edilirlər.“Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda “Sərhəddə fərqlənməyə görə” medalından sonra taxılır.

“Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı

2002-ci ilin may ayında təsis olunmuş “Azərbaycan Respublikası Silahlı Qüvvləri Veteranı” medalı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi  qulluqçular təltif edilirlər. “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalından sonra taxılır.

“Azərbaycan Respublikası Silahlı Qüvvləri Veteranı” medalı

2002-ci ilin may ayında təsis olunan “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26 – na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər. “Qüsursuz xidmətə görə” medalının üç dərəcəsi vardır: “Qüsursuz xidmətə görə” 1 – ci dərəcəli medal  – Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə  görə; “Qüsursuz xidmətə görə” 2 – ci dərəcəli medal  – Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə; “Qüsursuz xidmət ə görə” 3 – cü dərəcəli medal – Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə. 1 – ci dərəcəli medal ən ali dərəcəlidir.

“Qüsursuz xidmətə görə” medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medallları olduqda “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin

90 illiyi (1918-2008)” Azərbaycan Respublikasının yubiley medalından sonra taxılır. Bu medal 17 may 2002-ci ildə president Heydər Əliyev tərəfindən təsdiq olunub.

Bundan başqa, “Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)”, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)”  və “Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)” yubiley medalları mövcuddur.

Yubiley medalları

7 dekabr 2016 tarixində prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Şücaətə görə” medalı ilə vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən fədakarlıq və şücaət göstərən hərbi qulluqçular və vəzifə borcunu yerinə yetirən digər şəxslər təltif edilirlər. “Şücaətə görə” medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda “Hərbi xidmətlərə görə” medalından sonra taxılır.