28/04/2018 12:19

Azərbaycanın müdafiə naziri Çinin “CETC İnternational” şirkətində olub

Çin Xalq Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov “CETC İnternational” şirkətini ziyarət edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müəssisənin rəhbərliyi ilə görüşdə Azərbaycan ilə Çin arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub.

Sonra müdafiə naziri şirkətin istehsal etdiyi hərbi təyinatlı döyüş vasitələrinə baxıb. Bildirilib ki, şirkət əsasən elektron komponentlərin və elektron avadanlığın istehsalı ilə məşhurdur.

Dünyanın 100-dən çox ölkəsi ilə əməkdaşlıq edən “CETC İnternational” şirkəti hazır məhsullar çeşidinin yüksək səviyyəsi ilə seçilir.