30/03/2016 17:26

Azərbaycanın müdafiə naziri Misirin Sərhəd Qoşunlarının komandanı ilə görüşüb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Misir Ərəb Respublikası Müdafiə Nazirliyi Sərhəd Qoşunlarının Komandanı general-mayor Əhməd İbrahim Məhəmməd İbrahimin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə naziri qonaqlara regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib, müxtəlif sahələrdə inkişaf edən ikitərəfli münasibətləri yüksək qiymətləndirib. İki ölkənin hərbi sahədə əlaqələrinə toxunan general-polkovnik Zakir Həsənov ölkələrimizin müvafiq qurumları arasında həyata keçirilən uğurlu əməkdaşlığın perspektivlərini xüsusi qeyd edib.

General-mayor Əhməd İbrahim Məhəmməd İbrahim Misir dövlətinin dostluq münasibətlərində olduğu Azərbaycan ilə əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlı olduğunu, bunun üçün geniş imkanların mövcudluğunu diqqətə çatdırıb.

Görüşdə Azərbaycan ilə Misir arasında hərbi, hərbi-texniki istiqamətlərdə münasibətlərin genişləndirilməsinin vacibliyi, eləcə də terrorizmə qarşı birgə mübarizə, döyüş təcrübəsi sahəsində əldə edilən biliklərin mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

mnmisir2