20/06/2018 16:54

Azərbaycanın müdafiə naziri: Naxçıvandakı əməliyyat növbəti uğurumuzdur

“Naxçıvanda Əlahiddə Ümumqoşun Ordu tərəfindən çox uğurlu əməliyyat keçirildi. Bu gün ordumuz orada azad etdiyi yüksəklikdən İrəvandan Laçına gedən yolu nəzarət altında saxlayır”.

“AzeriDefence”nin məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında müdafiə naziri, general-polkovnik Zakir Həsənov bildirib.

Nazir bildirib ki, işğaldan azad edilmiş ərazilər Azərbaycan torpağıdır: “Sahibsiz torpaq yoxdur. Ora bizim torpaqlarımızdır. Ordumuzun uğurlu əməliyyatı nəticəsində 11 min hektar ərazi işğaldan azad edildi. Bu bizim növbəti uğurumuzdur. O əməliyyatda bir əsgərimiz də şəhid oldu”.

Z.Həsənov qeyd edib ki, Azərbaycan Ordusu bütün istiqamətlərdə düşmənə sarsıdıcı zərbə endirə biləcək imkanlara sahibdir. Bütün qoşun növlərinin 90% avtomatlaşdırılmış idarəetmə sistemi ilə təchiz olunub. Yeni kəşfiyyat-müşahidə sistemləri əldə edilib ki, bu da işğal altındakı ərazilərdə düşmənin bütün hərəkətlərini onlayn rejimdə izləməyə imkan verir.

Nazir ordunun maddi-texniki təminatının yüksəldiyini, yeni şəhərciklərin salındığını, əsgərlərin qidalanmasının keyfiyyət və kəmiyyətcə yaxşılaşdığını da diqqətə çatdırıb: “Bu gün əsgərlərimizə həftədə 3 dəfə milli yemək verilir. Onlar ən yüksək keyfiyyətli qidalarla qidalanırlar. Dövlətimiz hərbçilərin rahatlığı üçün hər şeyi edir. Zabitlərin xidməti və daimi mənzillə təminatı istiqamətində işlər aparılır. Ordumuzun 100 illiyi ərəfəsində bu günlərdə qüsursuz xidmət etmiş 500 zabit və gizirə daimi mənzil verilməsi nəzərdə tutulur. Eləcə də bu il ərzində 300-dən çox hərbi qulluqçu xidməti mənzillə təmin olunacaq”.

Müdafiə naziri Ermənistanın Azərbaycana qarşı güclü informasiya müharibəsi apardığını və bu işdə son illər Azərbaycana uduzduğunu da vurğulayıb.

“Biz hər vasitə ilə düşməni məğlub etməyə çalışırıq. Hamınız gördünüz ki, Ali Baş Komandan, cənab İlham Əliyev Ermənistan prezidentini heç bir silahdan istifadə etmədən diplomatiya ilə məhv etdi, Sarkisyan hakimiyyətini bitirdi. Bu gün biz hamımız düşmənlə mübarizə aparmalıyıq. Erməni xüsusi xidmət orqanları sosial şəbəkələr vasitəsi ilə bizdə inamsızlıq yaratmağa çalışır. Hörmətli media nümayəndələri belə provokasiyalara getməməlidirlər”.