22/03/2019 10:13

Azərbaycanın müdafiə naziri Pakistanlı həmkarı ilə görüşüb

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Pakistanın müdafiə naziri Pervez Xattaq arasında görüş keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

P.Xattaq iki ölkənin coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, xalqlar arasında tarixən dostluq münasibətlərinin olduğunu bildirib. Müxtəlif sahələrdə münasibətlərin genişlənərək xeyli gücləndiyini qeyd edən pakistanlı nazir iki ölkənin hərbi sahədə əməkdaşlığının böyük potensialının olduğunu bildirib.

General-polkovnik Z.Həsənov vurğulayıb ki, Azərbaycan ilə Pakistan arasında dostluq münasibətləri dərin köklərə malikdir. Regiondakı hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib, hər iki ölkənin beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiyini qeyd edərək bunun xalqların iradəsindən qaynaqlanan tərəfdaşlıq münasibətlərinin göstəricisi olduğunu vurğulayıb.

Görüşdə iki ölkə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub, həmçinin maraq doğuran bir çox məsələlər ətrafında fikir mübadiləsi aparılıb.