20/09/2019 18:08

Azərbaycanın müdafiə sektorunda yeni şirkət fəaliyyətə başlayıb

Azərbaycanın müdafiə sektorunda “DNS Export” adlı yeni şirkət fəaliyyətə başlayıb.

“DNS Export” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyət istiqamətləri barədə “AzeriDefence”yə məlumat verən şirkətin təsisçisi İhsan Özyurtun sözlərinə görə, əsas istiqamət Azərbaycan Ordusu və digər hərbi qurumların zirehli texnikaların ehtiyat hissələri, eləcə də ehtiyac duyulan müdafiə təyinatlı məmulatlarla təchizatı olacaq.

“Bu çərçivədə tanklar və zirehli döyüş maşınları üçün ehtiyat hissələrin, xüsusilə də mühərriklərin, işlək hissələrin tədarükünü planlaşdırırıq. Şirkətimiz Ukrayna, Rusiya, Amerika və s. ölkələrin bir sıra tanınmış hərbi şirkətlərinin Azərbaycan və region üzrə rəsmi nümayəndəsidir”, – deyə Özyurt bildirib.

Artıq Azərbaycanın hərbi qurumları ilə görüşmələrə başladıqlarını deyən İ. Özyurtun sözlərinə görə, “DNS Export” həm də Türkiyənin “Delta Defence” şirkətinin Azərbaycan nümayəndəliyi olaraq fəaliyyət göstərəcək. Adıçəkilən şirkətin xarici müştərilərinin sifarişlərinin bir hissəsinin Azərbaycan müəssisələrindən tədarükü nəzərdən keçirilir: “Biz Müdafiə Sənayesi Nazirliyinin müəssisələri ilə bir sıra görüşlər keçirmişik. Azərbaycan istehsalı olan məhsulların ixracı da diqqətimizdədir. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin rəqabətə davamlı və dünya bazarında ehtiyac duyulan məhsulları var. Hazırda bəzi məhsulların Azərbaycandan tədarükü ilə bağlı xarici tərəfdaşlarımızla görüşlər keçiririk”.