03/10/2016 16:53

Azərbaycanın yeni maşını – “İldırım”

Müdafiə Sənayesi Nazirliyinin (MSN) “Cihaz” İstehsalat Birliyi tərəfindən istehsal edilmiş “İldırım” adlı zirehli maşının 2017-ci ildən seriyalı istehsalına başlanılması planlaşdırılır.

“AzeriDefence”nin məlumatına görə, minaya qarşı qorumalı nəqliyyat vasitələri (MRAP) sinfinə aid olan 4×4 düsturlu “İldırım”ın ilk nümunəsi ADEX-2016 sərgisində nümayiş olunub.

Altı silindrli, 265 at gücündə “Cummins İSBe 270 BS-III” mühərriki, mexaniki transmissiya və havalandırma sistemi ilə təchiz olunmuş maşının uzunluğu 7350 mm, yerdən hündürlüyü 400 mm, boş ağırlığı 13 ton, döyüş ağırlığı 15.5 ton, sürəti 90 km/saat, gediş ehtiyatı 600 kilometrdir. Zirehli maşın 60% bucaq altında maili yüksəkliyə qalxmağı bacarır.

Maşın yanlarda 2 ədəd və arxada mexaniki açılıb bağlanan qapılara, damda isə iki lyuka sahibdir. Zirehli maşının güllələrə qarşı qoruması STANAG 4569 level 2, mina və əldəqayırma partlayıcı maddələrə qarşı qoruması isə STANAG 4569 level 2A/2B cavab verir. Sürücü və komandirdən ibarət heyətə malik “İldırım” salonda tam təchizatlı 10 əsgəri daşımağa imkan verir. Maşın hərəkətdə olarkən yan pəncərələrdəki mazğallardan kiçik çaplı atıcı silahlarla atəş açmaq mümkündür.

“İldırım” sifarişçinin ehtiyacına uyğun olaraq açıq silah qülləsi, yaxud distans döyüş modulu ilə də silahlandırıla bilir. Maşın üçün MSN tərəfindən 14.5 mm-lik pulemyotla dəstləşdirilmiş “Şimşək” adlı döyüş modulu hazırlanıb.

“İldırım” MRAP-ın polis və digər güc strukturları üçün nəzərdə tutulmuş “İldırım MLS” versiyası yolsuzluq şəraitində yüksək performans nümayiş etdirir. Maşının zirehi 7.62 x 51 AP, 7.62 x 39 API BZ, 7.62 x 39 API Type 56 güllələrə qarşı qoruma qabiliyyətinə sahibdir. Maşın açıq və ya 1000 kq-daək çəkidə distans döyüş modulları ilə silahlandırıla bilir. Heyətin çıxışı üçün maşının yanlarda 4, arxa hissəsində isə bir qapısı mövcuddur. “İldırım MLS” avtomobilinin uzunluğu 6308 mm, eni 2530 mm, sürəti 80 km/saat, çəkisi 13 tona yaxındır.

mls ildirim

İldırım MLS-2