18/01/2018 17:09

“Azeri Defence” jurnalının təşkilatçılığı ilə Füzuli döyüşlərinə həsr olunmuş fotosərgi keçirilib – FOTOLAR

Bu gün Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində 702 saylı briqadanın veteranı, fotoqraf Nurəhməd Vəliyevin 1993-1994-cü illərdə Füzuli rayonunda gedən döyüşləri və atəşkəs dövründə hərbi hissənin fəaliyyətini əks etdirən fotolardan ibarət sərgisi keçirilib.

Sərgidə Müdafiə Nazirliyinin zabitləri, veteranlar, dövlət və qeyri-hökumət təşkilatları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sərgini giriş sözü ilə açan hərbi hissənin keçmiş şəxsi heyətlə iş üzrə müavini, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirib ki, AZERİ DEFENCE jurnalının dəstəyi ilə keçirilən sərgidə N. Vəliyevin arxivindən 100-dən çox foto nümayiş olunur.

Çıxış edən hərbi hissənin keçmiş komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov qeyd edib ki, bu günki sərgidə Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ savaşı tarixində ən uğurlu hücum əməliyyatlarından biri olmuş Horadiz əməliyyatının qəhramanlarının fotoları sərgilənir.

Tədbirdə çıxış edən ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov hərbi hissənin keçmiş komandiri Taryel Qəhramanov, tabor komandiri Zahir Həsənov, hacı Surxay Məmmədli, füzuli rayonundan olan millət vəkili, vitse-spiker Bahar Muradovanın köməkçisi Bəhruz Seyidəhmədli və digərləri fotoqraf N.Vəliyevin fəaliyyətini yüksək qiymətləndiriblər. Qeyd olunub ki, döyüşlərdə Azərbaycan Ordusunun çox sayda hərbi qulluqçu şəhid olubdur. Yazılan bu tarixin gənclərə və gələcək nəsillərə çatdırılması hər bir kəsin vətəndaşlıq borcudur. Gələcək nəsilə ötürülən bu tarixin ölməzliyini təmin eləmək üçün belə tədbirlərin keçirilməsinin əhəmiyyətinin böyük olduğu vurğulanıb.

Çıxış edən AZERİ DEFENCE jurnalının baş redaktoru Rəşad Süleymanov bildirib ki, N.Vəliyevi Horadiz əməliyyatını reallaşdıran hərbi hissənin bütün şəxsi heyəti yaxşı tanısa da, atəşkəsdən ötən 23 il ərzində nə arxivlər, nə ictimai təşkilatlar, nə də hər hansı bir dövlət qurumu onun çəkdiyi, arxivləşdirdiyi fotolarla kimsə maraqlanmayıb: “Başqa sözlə desək, fotoqrafın həyatı bahasına hər anını lentə köçürdüyü müharibə fotolar belə davam edərsə olmayıbmış kimi itib batacaqdır. Biz foto arxivini qaldıranda, orada 20 minə yaxın fotonun olduğunu gördük. Orda döyüş səhnəsi, ön cəbhədə baş verən hadisələr, şəxsi heyətlə görülən işlər və s. proseslər çəkilib. Bu bizim hərb tariximizdir. Hər birimiz öz missiyamızı həyata keçirsək, vətənimiz və dövlətimiz üçün iş görə biliriksə, o zaman insanlıq borcumuzu da yerinə yetirmiş olarıq”.

N.Vəliyev deyib ki, Füzuli rayonu uğrunda döyüşləri lentə almağa 1992-ci ildən öz təşəbbüsü ilə başlayıb. 1993-cü ildə hərbi xidmə çağrılan N. Vəliyev 839 nömrəli hərbi hissənin tərkibində döyüşlərdə iştirak etməklə bərabər iştirak etdiyi əməliyyatları lentin yaddaşına köçürüb: “1993-cü ilin sonlarında xidmət etdiyim hərbi hissə, polkovnik Şair Ramaldanovun rəhbərliyi altında yenidən Füzuli bölgəsinə gəldi və 1994-cü ilin yanvar ayında Füzuli rayonunun 12 yaşayış məntəqəsinin azad edilməsi ilə nəticələnən uğurlu Horadiz əməliyyatını həyata keçirdi. Həmin dövrdən bu yana, atəşkəsə qədər döyüşləri, atəşkəsdən sonrakı dövrü və Füzuli rayonunda gedən prosesləri lentə almışam. Bir sözlə 1994-cü ildən demək olar ki, hər bir hadisəni çəkmişəm. Bu tarix məndə hazırda lent şəkilində saxlanılır. Bu gün bizdə hansısa hərbi hissənin döyüş yolunu əvvəldən axıra çəkilməsi faktı mövcud deyil. Lakin mən bunu xidmət etdiyim Füzuli briqadasında həyata keçirməyə çalışmışam. Onu da deyim ki, çəkdiyim şəhid fotoları əsasında 137 naməlum şəhidin kimliyi müəyyən olunub, yaxınlarına verildi. Bu çox ağır, özü də psixoloji baxımdan gərgin iş idi. Hadisələri yaşamaq, görüntülər lentə almaq, oğlunu axtaran valideynlərlə söhbət etmək, onlara şəhid olmuş övladının cəsədini tapıb vermək olduqca ağır işdir. Çıxışımın sonunda bir daha sərginin təşkil olunmasında zəhməti keçən hər kəsə təşəkkür edirəm”.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov çıxışında qeyd edib ki, təşkilatları da bu cür tədbirləri dəstəkləyir və bu fotoların hərb tariximizin qorunub yaşadılmasında mühüm əhəmiyyətə malik olduğunu düşünür.

Tədbirin sonunda fotoqraf Nurəhməd Vəliyev Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin (BHİK) Fəxri Fərmanı və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının “General Cəmşid Naxçıvanski” adına medalı ilə təltif olunub.