24/11/2015 11:52

“Azərkosmos” ASC, Elmin İnkişafı Fondu və TÜBİTAK UZAY arasında anlaşma memorandumu imzalanıb

“Azərkosmos” ASC, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) və Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurasının (Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu – TÜBİTAK) Kosmik Texnologiyalar Araşdırma İnstitutu (Uzay Teknolojileri Araştırma Enstitüsü – TÜBİTAK UZAY) arasında kosmos və astronomiya sahələrində tədqiqatlar, Yer səthinin məsafədən müşahidə imkanlarının birgə şəkildə istifadəsi və bu sahədə yaxından əməkdaşlığa dair üçtərəfli anlaşma memorandumu imzalanıb.

Bu barədə “AzeriDefence”yə “Azərkosmos” ASC-dən məlumat verilib.

Qeyd edək ki, adıçəkilən memorandum cari ilin may ayında Azərkosmosda hər üç qurum arasında keçirilmiş görüşdə əldə olunmuş razılığa əsasən imzalanıb.

Memorandum çərçivəsində Azərkosmos, Elmin İnkişafı Fondu və TÜBİTAK UZAY arasında bundan sonra kosmik texnologiyalar üzrə birgə tədqiqat və təcrübə mübadiləsinin aparılması, telekommunikasiya peyk sistemlərinin elmi məqsədlər üçün birgə istifadəsi, Yer səthinin məsafədən müşahidə sistemlərindən istifadə etməklə kənd təsərrüfatı sahəsində pilot tədqiqat layihəsinin hazırlanması, peyklərin idarəolunması istiqamətində birgə simpozium, konfrans və seminarların təşkil olunması, peyk texnologiyalarının inkişafı üçün mikro- və nano-peyklərin hazırlanması, birgə yeni nəsil müşahidə və telekommunikasiya peyk sistemlərinin yaradılması, kosmik və astronomik tədqiqatlar sahəsində yüksək ixtisaslı azərbaycanlı və türk mütəxəssislərin hazırlanması və s. bu qəbildən olan sahələrdə əməkdaşlığa dair razılıq əldə olunub.