02/08/2018 19:48

“Azərkosmos” rəhbəri: Azərbaycan və ABŞ arasında kosmik sahədə sıx əməkdaşlıq mövcuddur

“Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev ABŞ-ın geniş auditoriyaya malik olan, məhşur “Con Batçelor Şou” (John Batchelor Show) radioverilişinin aparıcısı Con Batçelora müsahibə verib.

Bu barədə “AzeriDefence”yə “Azərkosmos” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Müsahibədə “Azərkosmos”un fəaliyyəti, idarəçiliyində olan peyklər və gələcək planları barədə məlumat verilib. Söhbət əsnasında kosmik sahədə Azərbaycan və ABŞ arasında sıx əməkdaşlığın olduğu qeyd olunub, “Azerspace-1” və “Azerspace-2” peyklərinin ABŞ-ın kosmik sahədə aparıcı şirkətləri olan “Orbital Sciences Corporation” və “Space Systems/Loral” (SSL) tərəfindən yüksək etibarlı platformalar əsasında istehsal olunduğu vurğulanıb.

Müsahibə zamanı “Azərkosmos” tərəfindən Azərbaycanda kosmik sahədə kadr potensialının yaradılmasına dəstək verilməsi, şirkətdə toplanmış təcrübənin tələbələrə ötürülməsi və yerli mütəxəssislərin hazırlanması istiqamətində görülən işlər baradə məlumat verilib.

Bildirilib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində “Azərkosmos” ASC-nin fəaliyyətə başladığı 2011-ci il “Azərbaycan Gənclərinin Xarici Ölkələrdə Təhsili üzrə Dövlət Proqramı”nın ilk məzunlarının əmək bazarına daxil olduğu ilə təsadüf edib. Proqram çərçivəsində texniki ixtisaslara üstünlüyün verilməsi “Azərkosmos”un azərbaycanlı gənclərdən ibarət texniki heyətinin formalaşması zamanı seçim imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib.

Həmçinin, peyk texnologiyaları sahəsində qlobal trendlər və telekommunikasiya sektorunun dəyişən dinamikası haqda da fikir mübadiləsi aparılıb.