11/01/2018 15:07

“Azərkosmos” rəhbəri: “Azersky” peyki Azərbaycanın müdafiə və təhlükəsizliyi üçün istifadə edilir

2015-ci ildən etibarən “Azersky” peyki Azərbaycanın müdafiə və təhlükəsizliyi üçün davamlı istifadə edilir.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2017-ci ilin yekunlarına dair iclasında çıxış edən “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev bildirib.

R.Nəbiyevin sözlərinə görə, peykin imkanlarından istifadə edilməklə Azərbaycanın işğal olunmuş ərazilərində törədilmiş yanğınların mütəmadi olaraq monitorinqi və dəymiş ziyanın qiymətləndirilməsi aparılır.

“Bundan başqa, ötən il Kəlbəcər və Zəngilan rayonları ərazisində yerləşən filiz yataqlarının kosmik monitorinqi həyata keçirilib və hasilat sahələrində baş vermiş genişlənmələr aşkar edilib”, – deyə “Azərkosmos” rəhbəri vurğulayıb.

Rəşad Nəbiyevin sözlərinə görə, “Azersky” peyki üzrə əldə edilən gəlirlərin 98 faizi xarici bazarlarda formalaşır. Bu baxımdan peykin imkanlarının Azərbaycanda daha geniş tətbiq olunması məqsədilə İqtisadiyyat Nazirliyi ilə birlikdə “Azərbaycan Respublikasında 2018-2022-ci illərdə Yerin peyk vasitəsilə məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı”nın layihəsi hazırlanıb. Dövlət qurumlarında bu xidmətlərdən faydalanmaq üçün müasir maddi-texniki təminat səviyyəsinin və sahə üzrə ixtisaslı kadrların kifayət etməməsi həmin proqramın hazırlanmasını zəruri edib.

“Azərkosmos” rəhbəri qeyd edib ki, “Azerspace-2” kommunikasiya peykinin orbitə çıxarılması məqsədilə peykin və daşıyıcı raketin hazırlanması üzrə işlər qrafikə uyğun davam etdirilir və peykin aprel ayında orbitə çıxarılması nəzərdə tutulur: ““Azerspace-2” hazırkı əhatə zonamızı genişləndirməklə yanaşı, “Azerspace-1”in orbitdəki ehtiyatı olacaq, bu da bizə müştərilərə daha etibarlı xidmət göstərmək imkanı verəcək. Qeyd edim ki, “Azerspace-2” peyki orbitə buraxılmamış onun tutumlarının 46 faizi artıq “İntelsat” şirkətinə satılıb”.