27/05/2015 17:15

“Azersky” peykinin müdafiə və təhlükəsizlik məqsədləri üçün istifadəsinə dair seminar keçirilib

“Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində Fransanın “Airbus Defense & Space” şirkəti ilə birgə yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki olan Azersky peykindən əldə olunan təsvirlərin müdafiə və təhlükəsizlik məqsədləri üçün istifadəsinə həsr olunmuş seminar keçirilib.
Bu barədə “AzeriDefence” “Azərkosmos” ASC-nin saytına istinadən məlumat verib.

Seminarın əsas məqsədi Azersky peykinin imkanlarını nümayiş etdirmək, qarşılıqlı müzakirə formasında yeni potensial tətbiq imkanlarını ortaya çıxarmaq və istifadə yollarını müzakirə etmək olub.
Potensial benefisiarların maarifləndirilməsi məqsədilə keçirilən seminarda Azərkosmosun və peykin istehsalçısı olan Fransanın “Airbus Defence &Space” şirkətinin mütəxəssisləri peykin texniki xüsusiyyətləri, peyk təsvirlərinin hərbi məqsədlər üçün praktiki istifadəsi, hərbi xəritəçilik, əməliyyatların coğrafi məkan kəşfiyyat məlumatları ilə təminatı, nəzarəti və monitorinqi və digər bu kimi mövzular haqqında təqdimatlar ediblər. İnteraktiv formada təşkil edilmiş seminarda ölkəmizin Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti kimi güc strukturlarının nümayəndələri iştirakı edib. Bu ilin sonuncu rübünə planlaşdırılmış eynitipli növbəti seminar peyk təsvirlərini vasitəsilə təbii ehtiyatların tədqiqi və monitorinqi mövzusuna həsr olunacaq.

30 iyun 2014-cü ildə uğurla orbitə çıxarılmışdır və 2 dekabr 2014-cü il tarixindən etibarən Azərkosmosa təhvil verilmiş yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan Azersky peykinin 12 il müddətində fəaliyyət göstərəcəyi proqnozlaşdırılır. Peykin müdafiə, təhlükəsizlik, fövqəladə hallar, təbii ehtiyatların tədqiqi, dənizçilik, ətraf mühitin mühafizəsi, şəhərsalma, xəritəçəkmə, kənd təsərrüfatı, turizm və s. kimi geniş tətbiq sahələri vardır.