16/01/2018 22:08

“Azerspace-2” peyki Fransanın “Ariane-5” raketi ilə orbitə buraxılacaq – FOTO

“Azerspace-2” peykinin hazırlıq mərhələsindən ən son görüntülər əldə olunub

Azərbaycanın sayca üçüncü, təyinatına görə ikinci telekommunikasiya peyki “Azerspace-2” 2018-ci ilin aprel ayında Fransanın “Ariane-5” raketi ilə Fransız Qvianasının Kuru kosmodromundan orbitə buraxılması nəzərdə tutulur.

Bu barədə “AzeriDefence” “Azercosmos” şirkətinə istinadən məlumat verib.

Bildirilib ki, “Azerspace-2” peykinin orbitə çıxarılması məqsədilə peykin və daşıyıcı raketin hazırlanması üzrə işlər qrafikə uyğun davam etdirilir. Hazırda yeni peykin istismarı üçün Bakıda və Naxçıvan MR-də yerüstü infrastrukturun modernizasiyası ilə bağlı işlər aparılır.

Peyk Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək. “Azerspace-2” regionda artmaqda olan tələbatı qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək. Bu peyk həm də birinci telekommunikasiya peyki olan “Azerspace-1”in orbitdəki ehtiyatı olacaq və müştərilərə daha etibarlı xidmət göstərmək və şirkətin göstərdiyi peyk xidmətlərinin hazırki əhatə zonasını genişləndirmək imkanı verəcək.

2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder.

2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”-ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır.

Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”-ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı və önümüzdəki illərdə çox yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki əldə etməyi planlaşdırır.