09/08/2018 13:39

“Azerspace-2” peyki orbitə buraxılması üçün kosmodroma aprılıb – FOTO 

Bu ilin sentyabr ayında orbitə buraxılması planlaşdırılan Azərbaycanın sayca üçüncü, təyinatına görə ikinci telekommunikasiya peyki “Azerspace-2” artıq Fransız Qvianasında yerləşən Kuru kosmodromuna gətirilib.

Bu barədə “AzeriDefence”yə “Azərkosmos” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, peyk “Space Systems/Loral” (SSL) şirkəti tərəfindən yüksək etibarlı “SSL 1300” peyk platforması əsasında istehsal olunub.

“Azerspace-2” peyki “Arianespace” şirkətinə məxsus “Ariane-5″ daşıyıcı raketi ilə orbitə buraxılacaq.  Peyk 45° şərq uzunluğu orbital mövqeyində yerləşəcək. “Azerspace-2” peykinin orbitdə istismar müddəti minimum 15 il təşkil edəcək.

“Azerspace-2” peykinin orbitə çıxarılmasını təmin etmək məqsədilə daşıyıcı raketin hazırlanması üzrə aparılan son işlər qrafikə uyğun davam etdirilir. Yeni peykin istismarı üçün Bakıda və Naxçıvan MR-də yerüstü infrastrukturun yenilənməsi ilə bağlı işlər artıq yekunlaşıb.

“Azerspace-2” peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək. Yeni peyk Azərkosmosun xidmət spektrinin və fəaliyyət coğrafiyasının genişləndirilməsi ilə yanaşı birinci telekommunikasiya peyki – “Azerspace-1” peykinin orbitdəki ehtiyatı olacaq. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək.