26/09/2019 13:39

“Azerspace-2” peykindən 14.1 milyon ABŞ dolları həcmində gəlir əldə edilib

Bu gün Azərbaycanın üçüncü peyki – “Azerspace-2” peykinin orbitə buraxılmasından bir il ötür. Prezident İlham Əliyevin rəhbərliyi altında ərsəyə gələn, “Azerspace-2” telekommunikasiya peyki Bakı vaxtı ilə 26 sentyabr 2018-ci il tarixində Fransız Qvianasında yerləşən kosmodromdan – Qviana Kosmik Mərkəzindən uğurla orbitə buraxılıb.

“Azərkosmos” ASC-dən “AzeriDefence”yə verilən məlumta görə, növbəti aylar ərzində peyk yekun orbital mövqeyə çatdırılıb və testləri uğurla icra olunub. 2019-cu ilin yanvar ayında peykin idarəedilməsi tam olaraq “Azərkosmos”a təhvil verilib və peyk 2019-cu ilin fevral ayından kommersiya fəaliyyətinə başlayıb.

“Azerspace-2” peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edir. Peyk qeyd olunan regionlarda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edir.

“Azerspace-2” peykinin resursları “Azərkosmos”a yeni müştərilərə xidmət göstərmək imkanı yaratdı. Bunlardan Fransanın EUTELSAT S.A. şirkəti və Amerika Birləşmiş Ştatlarının peyk xidmətləri üzrə aparıcı şirkəti olan “İntelsat” şirkətinin adları xüsusi qeyd olunmalıdır. Hazırda “Azerspace-2” peyki vasitəsilə  Afrika regionunda 80-dən çox şifrəli kanal yayımlanır.

Yeddi aylıq kommersiya fəaliyyəti ərzində “Azerspace-2”nin tutumlarının 80%-i ödənişli əsaslarla istismar olunub. Peykdən bu dövr ərzində 14.1 milyon ABŞ dolları həcmində gəlir əldə edilib.

Məlumatda o da qeyd olunub ki, “Azerspace-2” peykinin uğurlu biznes fəaliyyəti sayəsində “Azərkosmos” regional peyk xidmətləri bazarında etibarlı tərəfdaş mövqeyini daha da möhkəmləndirib.