17/10/2017 17:55

Azərsun Yağ Zavodunun yaxınlığından top, tank və minaatan mərmiləri tapılıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Sumqayıt Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində çoxlu sayda partlamamış mərmi aşkarlanıb.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində 3 ədəd mərminin olması barədə daxil olan məlumata əsasən ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə, Azərsun Yağ Zavodunun yaxınlığında Azərsu ASC tərəfindən qazıntı aparılan əraziyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 49 ədəd müxtəlif modelli parlamamış hərbi sursat (8 ədəd 125 mm-lik top mərmisi, 17 ədəd 122 mm-lik top mərmisi, 4 ədəd 100 mm-lik top mərmisi, 2 ədəd 85 mm-lik top mərmisi, 2 ədəd 115 mm-lik top mərmisi, 4 ədəd 76 mm-lik top mərmisi, 3 ədəd 82 mm-lik minaatan mərmisi, 7 ədəd raket, 1 ədəd partladıcı başlıq və 1 ədəd silah qumbarası) aşkar edilib. Həmin sursatlar zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərmilərin ətrafında 2 000 kv.m əraziyə yerüstü baxış keçirilmiş, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.