19/10/2013 10:05

Azərbaycan 2014-cü ildə hərbi sahəyə 3.8 milyard dollar

Azərbaycan 2014-cü ildə dövlət büdcəsindən ölkənin müdafiəsi məqsədi ilə hərbi sahəyə 2 milyard 967 milyon 831 min manat (təqribən 3.8 milyard dollar) vəsait ayıracaq. “AzeriDefence”nin APA informasiya agentliyinə istinadən verdiyi məlumata görə, hərbi qurumlara növbəti ildə ayrılması nəzərdə tutulan vəsaitin məbləği Azərbaycan Respublikasının 2014-cü il üçün dövlət büdcəsinin layihəsində əksini tapıb.

2014-cü ildə dövlət büdcəsində hərbi sahə üçün nəzərdə tutulan vəsaitin həcmi 2013-cü ildəkindən 57 milyon manat çoxdur.

Növbəti ilin büdcəsində müdafiə xərcləri bölməsi üzrə 1 562 100 806 manat vəsait nəzərdə tutulur. Bunun 1 453 636 351 manatı müdafiə qüvvələrinin, o cümlədən, 1 039 957 321 manat Müdafiə Nazirliyinin (4,4% artımla), 122 772 583 manatı dövlət Sərhəd Xidmətinin (12,5% artımla), 23 881 355 manatı Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin (83,3% artımla) payına düşür.

Müdafiə xərcləri bölməsi üzrə qeyd olunan vəsaitin 106 318 488 manatı Milli Təhlükəsizlik Nazirliyinə (2,2% artımla), 2 758 805 manatı (1,8% artımla) müdafiə təyinatlı tətbiqi tədqiqatlar üzrə, 2 933 434 manatı (1% artımla) digər kateqoriyalara aid edilməyən xərclər üzrə Müdafiə Sənayesi Nazirliyinə nəzərdə tutulur.

Gələn il büdcənin digər bölmələri üzrə Silahlı Qüvvələrin tərkib hissəsi olan Xüsusi Dövlət Mühafizə Xidmətinə 81 916 764 manat (14,6% artım), DİN Daxili Qoşunlarına 137 175 453 manat (4,3% artım), Dövlət Feldyeger Xidmətinə 2 957 059 manat (5,2% artım) vəsait yönəldiləcək. Bundan əlavə, Daxili Qoşunlar üçün büdcənin səhiyyə xərcləri bölməsində 2 304 890 manat, təhsil xərcləri bölməsində 4 600 890 manat, Müdafiə Sənayesi Nazirliyinə fundamental tədqiqat işləri üçün isə 4 259 773 manat ayrılması nəzərdə tutulur.

Əlavə olaraq, 2014-cü ildə büdcədə xüsusi müdafiə təyinatlı layihələrin maliyyələşdirilməsi üçün 1 milyard 172 milyon manat vəsait nəzərdə tutulur. Bu da 2013-cü ildəkindən 6,4% çox olacaq.