28/01/2012 18:08

Azərbaycan “Ansat” helikopteri üçün müzakirələrə başlayıb

Helikopterin alqı-satqısına dair danışıqlar davam etdirilirAzərbaycan Rusiyanın Kazan Helikopter Zavodunun istehsalı olan “Ansat” çoxməqsədli helikopterinə maraq göstərir. “AzeriDefence” saytının əldə etdiyi eksklüziv məlumata görə, indiyədək bir neçə dəfə müəssisəyə səfər etmiş Azərbaycan nümayəndə heyətinə müəssisədə istehsal edilmiş “Ansat” helikopterinin təqdimatı keçirilib. Azərbaycan tərəfi bu helikopterin bir neçə modifikasiyasına öz marağını ifadə edib. Hazırda adıçəkilən helikopterin alqı-satqısına dair tərəflər arasında danışıqlar davam etdirilir.

“Ansat”ın alqı-satqısına dair müzakirələrin detalları barədə əlavə məlumat verilməyib.

Alqı-satqı müqaviləsi imzalanarsa, Azərbaycan bu helikopteri Rusiyadan sonra qəbul edən ikinci dövlət olacaq.

İlk prototipi 1997-ci ildə hazırlanmış“Ansat” helikopteri “Eurocopter EC-145” helikopterinin ən yaxın xarici analoqdur. Helikopterin döyüş variantı da hazırlanır. Hansı ki onun silahlandırılmasına iri kalibrli pulemyot və idarə olunan raket daxil ediləcək.

Qeyd edək ki, “Ansat”ın yükqaldırma qabiliyyəti 1300 kq (salonda), uzunluğu 13,543 m, hündürlüyü 3,56 m, maksimal uçuş kütləsi 3300 kq-dır. Helikopter 2 ədəd hər biri 630 at gücünə malik “TVD Pratt & Whitney RW-207K” mühərriki ilə təchiz olunub. “Ansat”ın maksimal sürəti 285 km/saat, kreyser sürəti 250 km/saat, uçuş uzaqlığı 635 kilometr (maksimal), praktik tavanı 5700 m, statik tavanı 3300 m, cəld qalxma qabiliyyəti 21,5 m/saniyədir.