27/05/2015 14:03

Azərbaycan BƏƏ arasında sərhəd təhlükəsizliyi məsələləri müzakirə olunub

Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin dəvəti ilə Birləşmiş Ərəb Əmirlikləri Milli Təhlükəsizlik Ali Şurasının Liman, Sərhəd və Azad zonaların Təhlükəsizliyi Baş İdarəsinin Baş Direktoru Casim Məhəmməd Əz-Zaabinin başçılıq etdiyi nümayəndə heyəti 2015-ci ilin may ayının 23-dən 27-dək Azərbaycanda rəsmi səfərdə olub.Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Səfər çərçivəsində qonaqlar Dövlət Sərhəd Xidməti Aparatında DSX-nin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev tərəfindən qəbul ediliblər.

Görüş zamanı Azərbaycan Dövlət Sərhəd Xidməti və Birləşmiş Ərəb Əmirlikləri Milli Təhlükəsizlik Ali Şurasının Liman, Sərhəd və Azad zonaların Təhlükəsizliyi Baş İdarəsi arasında ikitərəfli əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Tərəflər arasında beynəlxalq terrorçuluq, qeyri-leqal miqrasiya, narkotiklərin daşınması kimi cinayətlərlə mübarizə, dəniz sərhədlərinin təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və qarşılıqlı səfərlərin təşkili məsələlərinə baxılıb. Azərbaycanın dövlət sərhədindəki əməliyyat şəraiti və mövcud təhdidlər, sərhəd təhlükəsizliyinin gücləndirilməsi, müasir təlim-tədris sisteminin yaradılması istiqamətində görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə təqdimat keçirilib.

Nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinə, Akademiyasına və “Sərhədçi” Olimpiya İdman Mərkəzinə səfərlər edərək xidmətin və təlim-tədris prosesinin təşkili, yaradılmış şərait və maddi-texniki baza ilə yaxından tanış olublar.

Səfər müddətində qonaqlar Müdafiə Sənayesi Nazirliyində, Dövlət Miqrasiya Xidmətində işgüzar görüşlər keçiriblər.

Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti Qəbələ rayonunun mədəni-tarixi yerlərini ziyarət etməklə yanaşı, Bakı şəhərində, o cümlədən Azərbaycanda keçiriləcək “Bakı-2015” 1-ci Avropa Oyunları ilə əlaqədar aparılan geniş miqyaslı abadlıq-quruculuq işləri ilə tanış ediliblər.