16/08/2013 13:29

Azərbaycan Dövlət Sərhəd Xidməti döyüş atışlı taktiki təlimlər keçirib


Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) təlim mərkəzində “Azərbaycan Respublikasının ərazisinə düşmənin qoşun qruplarının hücumlarının qarşısının alınması, terror-təxribat qruplarının zərərsizləşdirilməsi” mövzusunda döyüş atışlı taktiki təlimlər keçirilib.

DSX-nın mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, avqustun 13-də və 14-də keçirilən təlimlərə Dövlət Sərhəd Xidmətinin çevik hərəkət bölmələri, döyüş helikopterləri, müasir zirehli texnika, artilleriya və zenit-raket kompleksləri cəlb olunub. Təlimlər zamanı sərhəd dəstəsi, komendantlıq, zastava və xüsusi təyinatlı bölmənin şəxsi heyəti xüsusi şəraitə keçirilməklə şərti düşmənin dövlət sərhədini pozmuş terror-təxribat qrupu zərərsizləşdirilib. Terror-təxribat qrupunu dəstəkləmək üçün dövlət sərhədini pozaraq hücuma keçmiş şərti düşmənin canlı qüvvəsi Dövlət Sərhəd Xidməti Aviasiya Dəstəsinin döyüş helikopterlərindən açılan atəşlə uzaq məsafədən və şərti düşmənin dövlət sərhədini pozmuş 2-ci terror-təxribat qrupu hərbi-desant helikopterlərindən endirilən xüsusi təyinatlılar tərəfindən məhv edilib. Bundan sonra şərti düşmənin helikopterin dəstəyi ilə döyüşə yeritdiyi qoşun qrupu zirehli döyüş maşınları və zenit qurğuları ilə, hava hədəfi isə daşınan zenit-raket kompleksləri vasitəsilə zərərsizləşdirilib.

Xüsusi təlim keçmiş xidməti itlər və müasir tipli axtarış avadanlıqları vasitəsilə axtarışın keçirilməsi, yaralıların təxliyə edilməsi tapşırıqları da uğurla icra edilib.

Təlimlərdə zenit-artilleriya qurğularından, iri çaplı pulemyotlardan və müxtəlif tipli raket qurğularından döyüş atışları müvəffəqiyyətlə keçirilib, şəxsi heyət tərəfindən möhkəm intizam, yüksək peşəkarlıq və döyüş hazırlığı nümayiş etdirilib, müasir döyüşün aparılması üzrə hərəkətlərin təkmilləşdirilməsi, qarşılıqlı əlaqənin təşkili məsələləri tam həcmdə yerinə yetirilib.

Təlimlər Baş Nazirinin 1-ci müavini Yaqub¬ Eyyubov və Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev tərəfindən yüksək qiymətləndirilib, Azərbaycan Sərhəd Mühafizəsinin şəxsi heyətinin Azərbaycan prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hər bir döyüş tapşırığını şərəflə icra etməyə daima hazır olması xüsusi vurğulanıb.

Təlimlərin sonunda fərqlənmiş hərbi qulluqçular təltif olunub.