29/01/2012 13:30

Azərbaycan heyəti Kazan Helikopter Zavodunda olub

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyəti Tatarıstana səfər çərçivəsində “Kazan Helikopter Zavodu” ASC-də (KVZ) olub. “AzeriDefence” saytının Tatarıstan Hökumətinin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan nümayəndə heyətinə KVZ-nin fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, zavod “Mi-8” və “Mi-17” tipli, o cümlədən “Ansat” tipli çoxfunksiyalı helikopterlər istehsal edir. Zavod həmçinin “Mi-38” tipli ağır yük helikopterlərin prototipinin yaradılması ilə məşğuldur.

Azərbaycan nümayəndə heyəti zavodun «Mİ-17» və «Ansat» helikopterlərinin istehsalı sexinə baş çəkərək istehsal prosesi ilə tanış olub. Nümayəndə heyətinə “Mi-8” və “Mi-17” helikopterinin axtarış-xilasetmə əməliyyatlarında istifadə olunan müxtəlif modelləri və “Ansat” helikopteri təqdim olunub.

Sonda KVZ zavodunun rəhbərliyi K. Heydərova xatirə hədiyyəsi təqdim edib.