19/01/2013 11:18

Azərbaycan hökuməti Hərbi Hava Qüvvələrinin enmə əmrinə əməl etməyən təyyarələrin məhvinə icazə Verdi

Azərbaycanın hava məkanını pozan və Hərbi Hava Qüvvələrinin məcburi enmə tələbinə əməl etməyən təyyarələrin məhvinə icazə verilib. “AzeriDefence”nin məlumatına görə, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”nda əksini tapıb.

Qaydalarda Azərbaycanın hava məkanından istifadə qaydalarının pozulması halları da müəyyən edilib. Sorğu (cədvəl, qrafik) göndərmədən, HHQ orqanlarını xəbərdar etmədən, sorğu qüvvəyə minməzdən qabaq və qüvvədə olma müddəti bitdikdən sonra hava məkanının istifadə edilməsi, müvafiq operativ orqanının icazəsi olmadan hava məkanından istifadə edilməsi, uçuşları idarəetmə orqanlarının və yaxalayan-qırıcı təyyarənin komandalarının yerinə yetirilməməsi, nəzarət məqsədləri üçün uçuş yerinə yetirən hava gəmiləri, xüsusi icazə alınmadan qadağan olunmuş zonanın və məhdud zonanın hava məkanından istifadə edilməsi və s. hava məkanından istifadə qaydalarının pozulması sayılır.

Hava məkanının istifadəçisi hava hərəkətinin uçuşu ilə bağlı olan pozuntunu dayandırmaq barədə uçuşları idarəetmə orqanının əmrini yerinə yetirmədikdə, HHQ-nin operativ növbətçi komanda məntəqəsinin qərarına əsasən növbətçi təyyarələr (helikopterlər) havaya qalxaraq, qeyd edilən hava gəmisini ən yaxın aerodroma (meydançaya) enməyə məcbur edə bilər. Bu komandaya əməl edilmədikdə, bortunda pozuntunun törədilməsində təqsirsiz sərnişinlərin olması barədə dürüst məlumat olmadıqda, hava gəmisinin məhvinə qanunvericiliklə müəyyən edilmiş qaydada icazə verilir.

Qaydalara əsasən aerodrom (aeroqovşaq) rayonunda uçuşların yerinə yetirilməsinə dair təlimat və ya Hava Hərəkətinin Təşkili Vahid Sisteminin zonasında yerləşən aerodromun dövlət aviasiyası üçün istismarına dair təlimat Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı tərəfindən, mülki və eksperimental aviasiya üçün isə Dövlət Mülki Aviasiya Administrasiyasının (DMAA) direktoru tərəfindən təsdiq edilir. Uçuşların yerinə yetirilməsi və aerodromun istismarı üzrə təsdiq olunmuş təlimatları olmayan aerodromun rayonunda uçuşların yerinə yetirilməsi qadağan olunub. DMAA tərəfindən dövlət mənafelərini nəzərə alaraq, müvafiq icra hakimiyyəti orqanlarının təkliflərinə əsasən hava məkanının konkret hissələrini mülki aviasiya üçün qadağan olunmuş və ya məhdudlaşdırılmış zona kimi müəyyən edə bilər. Qadağan edilmiş zonalarda və məhdudiyyət zonalarında hava məkanından istifadəyə icazə verilmir.