18/02/2014 11:29

Azərbaycan hərbçiləri Serbiyada keçirilən təlimlərdə iştirak edəcəklər – FOTOLAR

Müdafiə naziri Zakir Həsənov: “Hər iki ölkənin separatçılarla bağlı bir problemi var”Serbiyada səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ilə bu ölkənin müdafiə naziri Neboyş Rodiç arasında görüş olub. Bu barədə “AzeriDefence” Serbiya Müdafiə Nazirliyinin saytına istinadən məlumat verib.

Görüş zamanı Azərbaycan və Serbiya hökumətləri arasında müdafiə sahəsində əməkdaşlığa dair saziş imzalanıb.

N. Rodiç bildirib ki, imzalanan saziş hərbi-iqtisadi, hərbi təhsil, hərbi və tibbi əməkdaşlığın inkişafı və təkmilləşdirilməsi üçün strateji əsaslar yaradır. Bu sənəd əməkdaşlığın daha da intensivləşdirilməsi üçün formal hüquqi çərçivə olacaq.

Sazişə əsasən Azərbaycan Milli Ordusunun zabitləri Serbiyada “Vikinq-2014” böhranların idarə olunmasında silahlı qüvvələrin iştirakı ilə bağlı simullyasiya təlimində, “Jug” və “Platinum Wolf 14” beynəlxalq təlimlərində iştirak edəcəklər.

General-polkovnik Zakir Həsənov sazişin əhəmiyyətini vurğulayaraq bildirib ki, iki ölkə arasında əməkdaşlıq bir çox istiqamətlərdə davam edəcək: “Hər iki ölkənin separatçılarla bağlı bir problemi var. Azərbaycan Serbiya Respublikasının suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir”.

Serbiyaya səfəri zamanı Azərbaycanın müdafiə naziri bu ölkənin prezidenti Tomislav Nikoliç ilə də görüşəcək.

Səfər çərçivəsində general-polkovnik Zakir Həsənov və dövlət katibi Zoran Djordjeviç, bu gün Taşmaydan parkda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin, Milorad Paviçin və 1999-cu ildə NATO təcavüzü zamanı həlak uşaqların xatirəsinə ucaldılmış abidəni ziyarət edib.