04/09/2013 06:11

Azərbaycan hərbi gəmiləri Rusiyaya dostluq səfərinə yola düşüb

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmiləri Rusiyanın Həştərxan limanına səfərə yola düşüb. “AzeriDefence”nin məlumatına görə, bu barədə “İtar-Tass” agentliyinə açıqlamasında Xəzər Flotiliyasının komandan müavini, birinci dərəcəli kapitan Aleksandr Proxorov bildirib.

Onun sözlərinə görə, Azərbaycan HDQ-nin gəmiləri artıq Bakı limanını tərk ediblər. Hazırda Azərbaycan gəmiləri Rusiya Xəzər Flotiliyasının kiçik artilleriya gəmisi “Volqodonsk”ın müşaiyəti ilə Həştərxan limanına hərəkət edirlər.

Azərbaycan HDQ-nin gəmilər dəstəsində 3 hərbi gəmi təmsil olunur. Onların arasında 159A layihəli gözətçi gəmisi və 888 layihəli idarəetmə gəmisi yer alır. Gəmilər dəstəsinə Azərbaycan HDQ komandanı, vitse-admiral Şahin Sultanov rəhbərlik edir.

Azərbaycan dənizçilərinin Xəzər Flotiliyasının Komandanlığı və Həştərxan vilayətinin rəhbərliyi ilə görüşü nəzərdə tutulub. Dənizçilər, həmçinin “Əbədi Məşəl”i və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edəcəklər. Bundan əlavə iki saat ərzində Azərbaycan HDQ gəmiləri arzu edənlər üçün “qapı”ları açacaq, fotoşəkil çəkmək və gəminin kayutlarına baxmaq mümkün olacaq.