27/01/2012 13:26

Azərbaycan HSK: layihələr, imkanlar və perspektivlər

Milli Ordunun milli silahlarıRəşad Süleymanov

Azərbaycanın Cənubi Qafqaz regionuda ilk dəfə olaraq öz hərbi sənaye sistemini yaratması regiondakı gərgin situasiya və silahlanmaya alternativ addımlardan biri kimi səciyyələndirilir. Birinci Qarabağ müharibəsinin təhlilləri göstərir ki, digər ölkələrdən silah asılılığının maksimum azaldılması və müasir texnologiyalara əsaslanan hərbi sənayenin yaradılması çox vacibdir. Eyni zamanda, xarici hərbi asılılığın aradan qaldırılması Azərbaycanın milli təhlükəsizlik strategiyasının tərkib hissələrindən hesab olunur. Digər tərəfdən, əsasında ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi dayansa da hərbi sənaye kompleksi hər bir ölkədə iqtisadiyyatıün ən gəlirli və perspektivli sahəsi kimi qəbul edilir.

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasındakı müharibə vəziyyətinin davam etməsi ilə əlaqədar olaraq bəzi Avropa dövlətləri Azərbaycana qarşı silah satışını həyata keçirmir. Bu da hərbi gəmilər və katerlər istisna olunmaqla, digər döyüş texnikalarının alınmasını çətinləşdirir.

Hər şey vətən üçün

İlk 5 ili formalaşma mərhələsi kimi nəzərə alınarsa, 2011-ci ildə yeni istehsal sahələrinin istifadəyə verilməsi, xaricdən sifarişlərin qəbulu ilə artıq Azərbaycan hərbi sənayedə də öz sözünü deməyə başlayıb. Müdafiə sənayesinin inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan hökuməti 2008-ci ildə bir sıra mühüm tədbirlər həyata keçirib. Hərbi sənaye kompleksinin (HSK) fəaliyyətinə dəstək məqsədi ilə müdafiə təyinatlı məhsul istehsalı üçün xüsusi avadanlıqların ölkəyə gətirilməsini gömrük vergi və rüsumlarından, həmçinin ƏDV-dən azad edib. Bundan başqa, dövlət başçısının sərəncamı ilə müəssisələrin dövlət büdcəsinə və DSMF-yə olan borcları, həmçinin kommunal ödənişlərə görə borcları silinib.
Müdafiə sənayesi naziri Yavər Camalovun sözlərinə görə, HSK-nın yaradılmasında başlıca məqsəd ilk növbədə Azərbaycan Silahlı Qüvvələrinin xarici hərbi-texniki asılılığını aradan qaldırmaq idi. Konkret rəqəm açıqlamasa da nazirin sözlərinə görə, Dövlət Müdafiə Sifarişi Proqramı çərçivəsində tələb olunan məhsulların istehsalı ilə start götürən milli HSK hazırda ordunun təchizatında payını yüksəltmək üzrədir. Artıq yerli müəssisələrə güc strukturlarından daxil olan sifarişlərin həcmi də artmaqdadır. Bu il Müdafiə Nazirliyinin Müdafiə Sənayesi Nazirliyinə verdiyi sifarişlərin həcmi 7 dəfə artıb.

«Bu gün bizə helikopter və ya tank istehsalı kimi böyük layihələri reallaşdırmaq gərəkli deyil. Bunlara növbəti mərhələlərdə baxıla bilər. Hazırda biz Silahlı Qüvvələrin tələb duyduğu məhsulların istehsalı üzərində çalışır bununla bağlı texnologiyaları ölkəyə transfer edirik. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin arsenalındakı hərbi texnikaların və silahların sovet standartlarına uyğudur. Lakin MSN müəssisələrində qurulmuş yeni istehsal xəttində hər sovet, həm də NATO standartlarına uyğun döyüş sursatlarının istehsalını gerçəkləşdirə bilirik. Bu da eyni zamanda döyüş sursatlarırnın ixracına imkan verir», – deyə nazir müsahibələrindən birində qeyd edib.

Qeyd edək ki, ötən 6 illik fəaliyyəti dövründə MSN tərəfindən ordunun təchizatı üçün bəzi layihələr başlanıb, hansı ki bunlar iqtisadi cəhətdən səmərəli layihələr sayılır. Yaxın bir il ərzində yerli müəssisələr 5.45×39 çaplı güllələrdən tank, top, reaktiv mərmilərə qədər müxtəlif çaplı döyüş sursatlarının tam şəkildə tədarük etmək qarşıya qoyulub.

Mövcud layihələr

Ötən 5 ildə Azərbaycan HSK-ya daxil olan müəssisələrdə bir sıra əhəmiyyətli məhsulların istehsalı həyata keçirilib ki, bunları da aşağıdakı kimi qruplaşdırmaq olar:

Atıcı silahlar

• İST-14.5 Anti Material Rifle («İstiqlal») snayper tüfəngi;
• İST-12.7 snayper tüfəngi;
• AK-74M – Kalaşnikov avtomatının inkişaf etdirilmiş versiyası (lisenziya əsasında);
• 7.62×54 mm çaplı tank pulemyotu;
• UP-7.62 universal pulemyotu;
• «Zəfər», «Zəfər-K» və «İnam» model tapançalar (Türkiyənin TİSAŞ firması ilə müştərək),
• RPG-7V2 «Qaya» markalı 40 mm çaplı əl qumbaraatanları;

Artilleriya

• 60 mm çaplı «Commandos» minaatanı;
• 82 mm çaplı minaatan «Aşırım»;
• 120 mm-lik minaatan;
• 107 mm reaktiv yaylım atəş sistemi (buraxılış qurğusu və raketlər);

Zirehli nəqliyyat vasitələri və uçuş texnikası

• «Matador» və «Marauder» tipli minaya qarşı qorumalı transportyorlar (CAR Paramount Group şirkəti ilə birgə);
• «Orbiter 2M» və «Aerostar» model PUA-lar (İAİ ilə birgə).

Digər məhsullar

Sualtı gəmilər üçün dozimetrlər, mina aşkaredici detektorlar, atıcı silahlar, artilleriya silahları üçün döyüş sursatları, minalar, məsafədən mina və əl bombalarını partladan «Qığılcım» adlı sistem, dəbilqə, zirehli köynək, optik cihazlar (GON-1 və PK-A kollimator, MON-44M), termal görüş sistemləri, radioelektron vasitələr üçün elektron çap lövhələri və s.

Qeyd edək ki, Azərbaycanın «İstiqlal» (İST) snayper tüfəngi xaricdə hərbi sərgiyə çıxarılan ilk milli silah olmaqla yanaşı hərbi sənayenin uğurlu debütü sayıla bilər. Snayper tüfəngi iki fərqli – İST 14.5 və İST 12.7 versiyaya malikdir. Xarici hərbi mütəxəssislər tərəfindən maraqla qarşılanan bu Azərbaycan silahı İngiltərənin «Janes» şirkəti tərəfindən hazırlanan dünya atıcı silahları kataloquna da salınıb.

Yerli mütəxəssislər tərəfindən hazırlanmış «İstiqlal» anoloqlarından bir sıra üstülükləri ilə fərqlənir. Önəmli üstünlüyü kalibrinin böyük olması və uzaq məsafədən hədəflərə qarşı təsirli məhvetmə imkanıdır. Yerli şərait, Dağlıq Qarabağdakı döyüşlər nəzərə alınmaqla hazırlanan İST 2500 metr məsafədə hədəflərə qarşı tətbiq olunur. Bu silahla BTR tipli transportyorların zirehini deşmək, həmçinin helikopterlərə, təyyarələrə və gəmilərə atəş açmaq mümkündür. MSN mütəxəssislərinin sözlərinə görə, İST stiqlal əsasən yandırıcı və qəlpələnən güllələrdən atəş açır. Dünyadakı mövcud iriçaplı anoloqlarından bir fərqi də bu silahın özünü avtomatik doldurmasıdır. Hansı ki, dünyada mövcud olan bu tip silahlar əsasən əllə, tək-tək doldurulur.

Yeni məhsulların ixracı ilə yanaşı modernizasiya layihələri də Azərbaycan HSK-nın perspektiv proqramları arasında yer alır. 2011-ci ilin mart ayında istifadəyə verilmiş Bakı Cihazqayırma Zavodu BTR və BRDM tipli zirehli texnikalarla yanaşı, T-72 tanklarının və silahlanmadan çıxarılmış T-55 tanklarının modernizasiyasını həyata keçirməyə başlayıb. Müəssisədə modernizasiya olunan döyüş maşınları Bakı Cihazqayırma Zavodu və CAR-ın EWT şirkətinin ilə birgə hazırladığı “Şimşək” komanda-idarəetmə sistemi ilə təchiz olunur. Gecə və gündüz görmə kamerasına malik “Şimşək” texnologiyası lazer hədəf nişanlayıcısı, ballistik kompyuter və silah sistemlərinin idarə edilməsinə malikdir. “Şimşək”-in əsas xüsusiyyətlərindən biri isə “atəşə mükəmməl nəzarət sistemi”nin olmasıdır.

MDB-də ilk

Vaxtı ilə keçmiş SSRİ-nin HSK-nə daxil olan və «sovet konveyrindən» kənarda müstəqil fəaliyyət göstərə bilməyən Azərbaycan hərbi sənayesi ötən 5 ildə postsovet məkanında bəzi ilklərə imza atmağa nail olub. Bunlardan birincisi minaya qarşı qorumalı nəqliyyat vasitələrinin (MRAP) istehsalıdır, hansı ki, Azərbaycan bu sahədə dünyanın aparıcı şirkətlərindən «Paramount Group»la birgə Matador və Marauder tipli personal daşıyıcıların istehsalının ölkədə reallaşdırmaqdadır. Ötən ilin mart ayının əvvəllərində sözügedən layihə çərçivəsində 30 ədəd bu tip zirehli texnika orduya təhvil verilib. May ayında isə əlavə olaraq 60 ədəd MRAP istehsalına (cəmi 110 ədəd) dair MSN və «Paramount Group» arasında müqavilə imzalanıb. Bu nəqliyyat vasitələri personalın döyüş ərazilərinə daşınması, yaralıların təxliyyəsi, həmçinin aniterror əməliyyatlarında istifadə edilə bilir.

Məlumat üçün bildirək ki, Matador və Marauder tipli texnikalar V gövdəyə malikdir və yerli istehsal olan 14.5 və 12.7 çaplı pulemyotlarla təchiz edilir. STANAG 4569 Level 4a və STANAG 4569 Level 4b standartlarına (NATO) cavab verən Matadorun zirehi 21 kq, STANAG 4569 Level 3a və STANAG 4569 Level 3b standartlarına uyğun Marauder isə 14 kq TNT partlayışına qarşı qorumanı təmin edir. Müdafiə Sənayesi Nazirliyi yaxın perspektivdə «Paramount Group» şirkəti ilə müştərək olaraq bu şirkətin ən yeni məhsulu olan MRAP sinfli «Mbombe» döyüş maşının da Bakıda istehsalına maraqlı olduğunu bəyan edir. A. İçikovitzin sözlərinə görə, «Mbombe» minaya qarşı qorumanı təmin etməkdən əlavə, texniki taktiki xarakteriskasına görə, dünyanın əksər ordularında istifadə edilən BMP və BTR tipli döyüş maşınlarından qat-qat üstün göstəricilərə malikdir.

Azərbaycan müdafiə sənayesinin «ikinci ilki» isə postsovet məkanında Rusiya, Ukrayna və Belerus kimi hərbi sənaye nəhənglərinin bu günədək nail ola bilmədiyi pilotsuz uçuş aparatlarının istehsalıdır.

MSN-in 2011-ci ilin mart ayının əvvəllərində açılmış «Azad Systems» müəssisəsi İsrail Aerokosmik Sənayesi (İAİ) şirkəti ilə birgə bu layihəni reallaşdırır. Bakı yaxınlığında yerləşən MSN müəssisəsində hələ ki, «Aerostar» və «Orbiter» tipli aparatların istehsalı həyata keçiriləcək. Növbəti mərhələdə isə üzərində silah daşıya bilən pilotsuz aparatların istehsalının gerçəkləşdirilməsi müzakirə mövzusudur. Yeri gəlmişkən qeyd edək ki, hazırda Cənubi Qafqazda ən güclü hərbi aviasiyaya malik Azərbaycan Ordusunda İsrail istehsalı olan pilotsuz aparatlarla dəstəklənir.

«Orbiter 2M» 4-6 km hündürlükdə 4-5 saat, «Aerostar» təyyarəsi 10 km yüksəklikdə 12 saat dayanmadan uça bilir. Kəşfiyyat tapşırıqlarını və yerdən ötürülən tapşırıqları yerinə yetirmək imkanına malik olan bu aparatlar uçuş məsafəsinə və enməsinə görə aerodrom tipli, platformalardan start götürmək, aerodroma və yaxud paraşüt vasitəsi ilə enmə qabiliyyətinə malikdir. İnformasiyanın ötürülməsi xüsusi avadanlıqların köməyi ilə yerinə yetirilir.

Müştərtək layihələr

Hərbi sənaye sektorunda daha çox türk şirkətləri ilə əməkdaşlığa önəm verən MSN bu çərçivədə bir sıra məhsulların müştərək istehsalına nail olub. Türkiyənin «Öztek» şirkəti ilə hərbi texnikaların termal və gecə görüş sistemlərinə görünməsini əngəlləyən multispektral örtüklərin, ASELSAN-la müştərək modernizasiya işlərinin, termal görüş sistemləri və durbinlərin, MKEK şirkəti ilə döyüş sursatlarının, revolver tipli qumbaraatanların, bu silahlar üçün döyüş sursatlarının, MP5 tapança pulemyotlarının, «Koza Teknik» şirkəti ilə təlim avadanlıqları və s. göstərmək olar. Bundan əlavə, Azərbaycan müəssisələri Belarusla birgə optik cihazların, İordaniyanın KADDB şirkətlər qrupu ilə dəbilqələrin və personal zirehlərinin, Pakistanla aviabombaların, Polşanın «Jaksuz» şirkəti ilə döyüş sursatlarının, Fransanın M.U.P. İndustrie G.İ.E. konsorsiumunun iştirakı ilə yaradılmış Peyk zavodunda elektron çap lövhələrinin vs. istehsalı kimi müxtəlif layihələri icra etməkdədir. Ən maraqlısı isə odur ki, Türkiyə ilə imzalanmış müqaviləyə görə, Azərbaycan ilk dəfə digər ölkədə öz silahını həmin ölkənin şirkəti ilə birgə istehsal edəcək.

Yaxın perspektivdə müştərək əməkdaşlıq çərçivəsində gerçəkləşəcək Türkiyənin ROKETSAN şirkəti ilə 107 və 122 mm-lik artırılmış mənzilli reaktiv raketlərin istehsalı nəhəng layihələrdən hesab olunur. Qeyd edək ki, hazırda Azərbaycanda istehsal edilən 107 mm raketlər 8 km məsafəyə malikdir. ROKETSAN-la birgə istehsal olunacaq 107 mm-lik raketlər 11 km (postsovet ordularındakı anoloqlarından 3-4 km uzaq), 122 mm-lik raketlər isə 40 km (20 km uzaq) məsafədəki hədəflərə qarşı tətbiq oluna biləcək. Sonuncuların atılması üçün MSN ROKETSAN-la birgə ayrıca buraxılış sistemini də istehsal etməyi planlaşdırır.

Hərbi ekspertlərin fikrincə, xarici hərbi şirkətlərin Azərbaycanla əməkdaşlığa maraq göstərməsi ilk növbədə rəsmi Bakının hərbi sahəyə dövlət büdcəsindən ayrılan vəsaitin ilbəil artırması və bu sahədə dövlətin yaratdığı stimulla bağlıdır. Hərbi şirkətlər üçün Azərbaycan kimi iqtisadi imkanları böyük olan, hərbiləşməyə diqqət göstərən və geostrateji mövqedə yerləşən ölkələr daha maraqlıdır. İkinci bir tərəfdən, Azərbaycan və bölgənin bazarı böyükdür və ciddi yeniləşmə, dəyişikliklər gedir.

Hökumətdən bildirirlər ki, on il əvvəl Bakıda yalnız Türkiyənin ASELSAN şirkətinin qurduğu «ASELSAN-Bakı» şirkəti fəaliyyət göstərdiyi halda bu gün ölkədə İsrailin «Elbit Systems», ABŞ-ın «Boeinq», «URS Federal Services International», CAR-ın «Paramount Group» və s. kimi dünyanın nəhəng şirkətlərinin qurduğu yerli şirkətlər fəaliyyət göstərir. Bundan başqa, bir sıra xarici şirkətlərin iştirakı ilə birgə müəssisələr yaradılıb.

Ölkələr arasındakı «isti» münasibətlər Türkiyə şirkətlərinin Azərbaycana marağını artırmaqdadır. Bəzi türk hərbi şirkətləri artıq Azərbaycanda istehsal proseslərinə qatılmaq niyyətində olduqlarını bəyan ediblər. Məsələn, Türkiyənin «Ares Shipyard» şirkəti Azərbaycanda müxtəlif ölçülü hərbi katerlərin, ATEL şirkəti qarışdırıcı sistemlərin (jammer), BİTES şirkəti Kompüter Bazalı Təlim Sistemlərinin və s. müxtəlif məhsulların istehsalında maraqlı olduqlarını açıqlayıblar.

İxracat – tanınma və dəstək

MSN tərəfindən 2010-cu ildə 13 mln. Dollar, 2011-ci ildə isə 18 milyon dollar dəyərində məhsul ixracının həyata keçirilməsi Azərbaycanın bu sahədə ixrac potensialının mövcud olduğunu və bunun getdikcə artdığını göstərir.

Hazırda MSN-in ixracatında önəmli yeri atıcı və artilleriya silahları üçün döyüş sursatları, «Peyk» zavodunun istehsal edilən elektron çap lövhələri (Hollandiya, Türkiyə, Fransa, İsrail, İsveç və s. ölkələrə ixrac olunur), bəzi aviasiya sistemləri və sualtı gəmilər üçün avadanlıqlar tutur.

2010-cu ilin may ayında İordaniyada keçirilən hərbi sərgidə 3 amerika şirkətindən sifarişlər alan MSN bu ilin fevral ayında Birləşmiş Ərəb Əmirliklərində keçirilən sərgi çərçivəsində Banqladeş ordusunun təchizatında önəmli rol oynayan bir şirkətlə (NP Enterprise) də məhsul ixracına dair müqavilə imzalayıb. Hazırda ixracatın artırılması istiqamətində işlərin davam etdirilir.

Ekspertlərin fikrincə, bu gün Azərbaycan müəssisələri üçün Yaxın Şərq, Şimali Afrika, Hind-Çin bölgəsi kimi potensial bazarlar mövcuddur. Hansı ki, bu bölgədə yerləşən ölkələrin ordularında önəmli yeri keçmiş sovet istehsalı olan silahlar tutur. Bu baxımdan da Azərbaycan istehsal etdiyi hərbi sursatların qeyd olunan bölgələrdə satışı yçün böyük imkanlar və şərait var.