30/10/2012 13:46

Azərbaycan “İndo Defence” sərgisinə 125 adda məhsulla çıxacaq

Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeli müəssisələrində 2012-ci ilin doqquz ayının yekunlarına həsr edilmiş səyyar kollegiya iclasları keçirilib. Bu barədə “AzeriDefence” MSN-in saytına istinadən məlumat verib.

Nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclaslarda nazirliyin birlik və müəssisələrinin istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər geniş müzakirə edilib.

İclasda bildirilib ki, hesabat dövründə tabeli müəssisələrdə 2012-ci il üçün nəzərdə tutulan tədbirlərin icrası davam etdirilib, respublikanın güc strukturlarının sifarişləri üzrə bağlanmış müqavilələr əsasında müdafiə təyinatlı məmulatlar istehsal edilərək sifarişçilərə təhvil verilib.

2012-ci ilin doqquz ayında MSN müəssisələrində istehsal olunmuş məhsulların ümumi həcminin 74%-ni müdafiə və xüsusi təyinatlı, 26%-ni isə mülki təyinatlı məhsullar təşkil edib. İstehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 700-ə çatdırılıb.

Müdafiə təyinatlı məmulatların yaradılması üzrə 22 mərhələ yerinə yetirilib, o cümlədən, 9 mövzu tam başa çatdırılıb. Digər mərhələlər üzrə işlər davam etdirilir.

Kollegiyada sahə üzrə qazanılmış uğurların beynəlxalq sərgilərdə nümayişi istiqamətində işlərin davam etdirildiyi bildirilib. Qeyd edilib ki, son illərdə keçirilən əsas beynəlxalq müdafiə sənayesi sərgilərində təmsil olunan Müdafiə Sənayesi Nazirliyi cari ilin noyabr ayında İndoneziyada keçiriləcək “İndo Defence 2012” sərgisində də 125 adda müdafiə təyinatlı məmulat nümayiş etdirəcək.

İclaslarda birlik və müəssisə rəhbərlərinin hesabatları dinlənilib.

Kollegiya iclaslarında nazir Yavər Camalov hesabat dövrü ərzində tabeli birlik və müəssisələr tərəfindən görülmüş işləri müsbət qiymətləndirdiyini bildirib. Nazir respublika prezidenti İlham Əliyev tərəfindən ölkənin müdafiə sənayesinin inkişafı ilə bağlı verilən tapşırıqların yerinə yetirilməsi istiqamətində struktur bölmə, birlik və müəssisə rəhbərlərinə xüsusi göstərişlər verib.